Şəhid və qazi övladlarının sünnət mərasimi keçirilib
Bakı, 14 sentyabr, AZƏRTAC
Sentyabrın 14-də Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və hərbi qulluqçuların ailələri ilə iş üzrə şöbəsinin təşkilatçılığı ilə “Medilux” klinikasında bir qrup Vətən müharibəsi şəhidinin və qazisinin oğlan övladlarının plastik cərrah Dilqəm Məhərrəmov tərəfindən sünnət olunması üzrə xeyriyyə aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə iştirak edənlər şəhid və qazi övladlarına dövlətimizin rəhbərliyi, Müdafiə Nazirliyi tərəfindən hər zaman xüsusi diqqət və qayğı göstərildiyini vurğulayıblar.
Sünnət edilən uşaqların kirvələri Azərbaycan Respublikasının Xalq artisti Nürəddin Mehdixanlı və müğənni Elnur Məmmədov olublar.
Xeyirxah aksiyada iştirak edən şəhid və qazi ailələri dövlətimizin onlara göstərdiyi xüsusi diqqət və qayğısından razılıq edib, bu aksiyanın təşkilatçılarına təşəkkürlərini bildiriblər.
Sonda sünnət olunan uşaqlara hədiyyələr təqdim edilib.