Şəhidlər bacısı: Qanvermə aksiyasının məhz 20 Yanvar günündə keçirilməsi çox böyük hadisədi
Bakı, 20 yanvar, AZƏRTAC
Vətənimizin ən ağır günlərində başımıza gələn müsibətlərin canlı şahidi olmuşam. Bu aksiyaya qoşulmağım heç də təsadüfi deyil. Eşidəndə ki, 2024-cü il 20 yanvar tarixində şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş qanvermə aksiyası keçiriləcək, bu məndə bir fəxarət duyğusu oyatdı. Məhz bu günün seçilməsi, bu aksiyanın 20 Yanvar günündə keçirilməsi çox böyük hadisədir.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında iki şəhid bacısı, həkim Məhəbbət Paşayeva söyləyib.
M.Paşayeva bildirib ki, müharibənin ən ağır illərinin - 90-cı illərdən etibarən Tərtər, Ağdərə bölgəsində gedən bütün döyüşlərdə sona qədər canlı şahidi və iştirakçı olub: “20 Yanvar günü - həyatımda heç zaman silinməyən bir qara səhifə kimi qaldı. Çünki mən 20 Yanvar şəhidlərinin faciəsində iştirak etmişəm, ən dəhşətli faciəyə şahidlik etmişəm. Qeyd etməliyəm ki, hətta atamın bu hadisə ilə bağlı vəziyyəti yanvarın 20-də pisləşdi. O, Qarabağla bağlı son sözlərini vəsiyyət edərək dünyasını dəyişdi. Ona görə də 20 Yanvar günü bu aksiyanın keçirilməsi mənim həyatımda bir dönüş oldu. Bu illəri yaşamış, müsibətlərin şahidi olmuş bir qadın kimi, bir həkim kimi duyğularım çoxdur. Onları sözlə ifadə etmək mənim üçün çox çətindir”.
M.Paşayeva diqqətə çatdırıb ki, müasir tələblərə uyğun şəkildə qanvermə aksiyasının keçirilməsi çox məqsədəmüvafiqdir: “Bu gün böyük qürur hissi ilə danışıram, çünki biz qalib ölkənin qalib vətəndaşlarıyıq. Hər birimiz qanvermə aksiyasının məhz bu gün həyata keçirilməsini qürur hissi ilə qarşılayırıq. Düşünəndə ki, hər birimizin verdiyi bu qan ehtiyatları o qana ehtiyacı olan insanlara kömək olacaq, bu, ən böyük fəxarətdir. Bu gün mən çox rahatam ki, qanvermə aksiyasında iştirak etdim. Bu, hər birimizin vətəndaşlıq borcudur. Mən hər kəsi bu aksiyada fəal iştirak etməyə səsləyirəm”.