SƏHİYYƏ NAZİRLİYİ APARATININ ƏMƏKDAŞLARI MİLLİ İMMUNLAŞDIRMA KAMPANİYASINA QOŞULMUŞLAR
Azərbaycan Prezidenti İlham Əliyevin və görkəmli musiqiçi, Vişnevskaya-Rostropoviç Fondunun rəhbəri Mstislav Rostropoviçin iştirakı ilə fevralın 27-də başlanan qızılca və məxmərəyə qarşı milli immunlaşdırma kampaniyası hazırda peyvəndlənməli olan 2,5 milyon gəncin artıq 34 faizini əhatə etmişdir. Bunu jurnalistlərə Nazirliyin sanitar-gigiyena nəzarəti sektorunun müdiri Viktor Qasımov bildirmişdir. O, vaksinin pis keyfiyyətdə olması barədə son vaxtlar yayılmış şayiələrlə əlaqədar demişdir ki, vaksin Dünya Səhiyyə Təşkilatının laboratoriyasında yoxlamadan keçirilmiş və artıq bir sıra Avropa ölkələrində tətbiq edilmişdir. Vaksinin keyfiyyətli olduğunu kampaniyanın başlandığı günlərdə Azərbaycana gələn DST-nin immunlaşdırma məsələləri üzrə Avropa regional bürosunun regional müşaviri Nedret Əmiroğlu da təsdiqləmişdir.
Böyüməkdə olan orqanizm üçün bu vaksində təhlükəli heç nə yoxdur, yalnız nasazlıq olduqda orqanizm preparata yüngülcə reaksiya verə bilər, nasazlığı isə tibb işçisi peyvəndləmədən əvvəl mütləq müəyyən edir.
Xatırladaq ki, martın 12-də başa çatacaq kampaniya 7-23 yaşlı adamaları, Bakıda isə həm də 23-29 yaşlıları əhatə edəcəkdir. Kampaniyanın təşkilatçıları Dünya Səhiyyə Təşkilatı, YUNİSEF, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi, Vişnevskaya-Rostropoviç Fondu və Azərbaycanın Səhiyyə Nazirliyidir.