SƏHİYYƏNİN İNKİŞAFINA HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLMİŞDİR
Təkliflər zərfini hazırlayan işçi qrupu üzvlərinin, Milli Məclis deputatlarının və tibb mütəxəssislərinin iştirakı ilə keçirilən tədbirdə Milli Məclisin sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli, komissiyanın ekspertləri Adil Rzayev və Rəcəb Nurəliyev, Səhiyyə Nazirliyinin əməkdaşı Süleyman Cəbrayılov, İqtisadi İnkişaf Nazirliyinin Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı katibliyinin əməkdaşı İlkin Nəcəfov və başqaları çıxış etmişlər.
Müzakirələr zamanı ölkənin sosial siyasətində səhiyyənin üstünlük təşkil etdiyi və buna görə də sahənin daim dövlət qayğısı ilə əhatə olunduğu, əhaliyə göstərilən tibbi yardımın təşkilinin əsaslı şəkildə yenidən qurulması sahəsində bir sıra tədbirlərin həyata keçirildiyi vurğulanmışdır.
Dəyirmi masada səhiyyə sahəsində mövcud problemlərdən və onların həlli istiqamətində həyata keçirilməsi zəruri olan tədbirlərdən də danışılmışdır. Səhiyyə xərclərinin ayrılmasında sosial ünvanlılığın və səmərəli istifadənin təmin olunmasının, səhiyyənin maliyyələşdirilməsində icbari tibbi sığorta sisteminin, özəl bölmənin inkişaf etdirilməsinin əhəmiyyəti, səhiyyənin idarə edilməsi üçün kadr hazırlığının vacibliyi və s. qeyd olunmuşdur.