Səhnələşdirilmiş məhkəmə müsabiqəsinin praktik mərhələsi
Bakı, 17 aprel, AZƏRTAC
“Gənc hüquq müdafiəçiləri” səhnələşdirilmiş məhkəmə müsabiqəsinin şifahi çıxışlardan ibarət mərhələsi keçirilib.
Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Tədbirdə çıxış edən BŞTİ-nin müdiri Mehriban Vəliyeva bildirib ki, bu müsabiqə yuxarı sinifdə təhsil alan, xüsusilə də təhsilini hüquqşünaslıq ixtisasında davam etdirmək istəyən məktəblilərin hüquqi biliklərini artırmaq, gələcəkdə fəal vətəndaş kimi onlarda öz hüquqları ilə yanaşı, digər vətəndaşların da hüquqlarını müdafiə etmək bacarıqlarının formalaşdırılması, eləcə də onların real məhkəmə mühiti ilə tanışlığına imkan yaratmaq baxımından mühüm əhəmiyyət daşıyır. BŞTİ-nin Avropa Hüquqşünas Tələbələr Assosiasiyası-Bakı İctimai Birliyi (“ELSA Azərbaycan”) ilə birgə təşkil olunan müsabiqənin bütün iştirakçılarına uğurlar arzulayıb.
“Heydər Əliyev İli” çərçivəsində belə bir müsabiqənin keçirilməsinin təqdirəlayiq bir missiya olduğunu deyən idarə müdiri Ulu Öndərin milli dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində atdığı vacib addımlar sırasında insan amilinə yüksək dəyər verən hüquq sisteminin qurulması və inkişaf etdirilməsinin xüsusi yer tutduğunu söyləyib.
Müsabiqənin əhəmiyyəti barədə danışan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin sədri İslam Əliyev məktəblilərin bu müsabiqədə iştirak etməklə hüquqşünaslıq ixtisası, onun tətbiqi və məhkəmə mühiti ilə yaxından tanış olmaq şansı əldə etdiklərini söyləyib.
“Elsa Azərbaycan”nın prezidenti Rəhim Abasov, “Elsa Azərbaycan” səhnələşdirilmiş məhkəmə müsabiqələri üzrə vitse-prezident Nərminə Hüseynzadə müsabiqə barədə ətraflı məlumat veriblər. Qeyd ediblər ki, “Elsa Azərbaycan” tərəfindən 2011-ci ildən etibarən təşkil olunan səhnələşdirilmiş məhkəmə müsabiqələri hüquq fakültəsi tələbələrinin və hüquqşünas olmaq istəyən məktəblilərin inkişafına müstəsna töhfələr verir. Məhkəmə müsabiqələrində iştirak edən hüquq ixtisası üzrə təhsil alan tələbələr və hüquqşünas olmaq istəyən məktəblilər nəzəri bilikləri praktik formada tətbiq etməyi və təkmilləşdirməyi öyrənirlər.
Yasamal RİH başçısının müavini Təravət Muradova, məktəb direktorları, mentor tələbələr və şagirdlər səhnələşdirilmiş məhkəmə müsabiqəsinin keçirilməsinin əhəmiyyəti barədə danışıblar.
Sonra “Gənc hüquq müdafiəçiləri” səhnələşdirilmiş məhkəmə müsabiqəsinin şifahi çıxışlardan ibarət mərhələsinin dörddəbir turu keçirilib. Bu mərhələdə 2 şagird və 1 tələbədən ibarət olmaqla, ümumilikdə 8 komanda iddiaçı və cavabdeh kimi çıxış edib. Nəticədə Bakı şəhəri 20 və 83 nömrəli məktəb-liseylər, 287 nömrəli Zəkalar liseyi və 7 nömrəli tam orta məktəbin şagirdlərindən ibarət komandalar qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıblar.
Sonda növbəti tura vəsiqə qazanan komandalar təltif olunublar.