REGİONLAR
Şəkidə Xalq artisti Polad Bülbüloğlunun 80 illik yubileyi qeyd olunub








Şəki, 4 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Fevralın 4-də Şəki şəhər Heydər Əliyev Mərkəzində bəstəkar, musiqiçi, ictimai-siyasi xadim, Xalq artisti Polad Bülbüloğlunun 80 illik yubileyinə həsr olunmuş “Gəl, ey səhər” adlı yubiley gecəsi keçirilib.
Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin dəstəyi, Şəki şəhər Heydər Əliyev Mərkəzi, şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbi və Şəki şəhər MKS-nin 9 nömrəli kitabxana filialının birgə təşkilatçılığı ilə keçirilən yubiley tədbirində Şəki Şəhər İcra Hakimiyyətinin, ictimaiyyətin nümayəndələri, mədəniyyət və təhsil işçiləri, musiqisevərlər iştirak ediblər.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Regional Mədəniyyət İdarəsindən məlumat verilib.
Tədbirdə Polad Bülbüloğlunun yaradıcılığından geniş söhbət açılıb, onun öz bənzərsiz ifası ilə milli estrada musiqi xəzinəmizi zənginləşdirdiyi vurğulanıb.
Gecədə yerli musiqiçilərin ifasında Polad Bülbüloğlunun ecazkar bəstələri, repertuarından mahnılar səsləndirilib.
Sonda Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini icra edən Emil Bədəlov çıxış edərək, Polad Bülbüloğlunun Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərindən danışıb, tədbirdə fəal iştiraklarına görə kollektivlərə minnətdarlığını bildirib.