Şəkidə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
Şəki, 25 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan xalqının yaddaşında tariximizin ən faciəli günlərindən biri kimi dərin iz buraxmış Xocalı faciəsindən 23 il ötür. Bu qətliam erməni daşnaklarının azərbaycanlılara qarşı törətdiyi soyqırımı cinayətinin ən dəhşətlisidir.
AZƏRTAC xəbər verir ki, Xocalı faciəsinin ildönümü ilə əlaqədar fevralın 25-də Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında anma mərasimi keçirilib. Mərasimdə şəhər rəhbərliyi, rayonda məskunlaşmış xocalılı məcburi köçkünlər, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbirdə Şəkidəki Çələbixan məcburi köçkün qəsəbəsində fəaliyyət göstərən Xocalı şəhər 3 nömrəli tam orta məktəbin direktoru Eldəniz Məhərrəmov çıxış edərək faciənin başvermə səbəbləri, mahiyyəti, acı nəticələri, ermənilərin dinc əhaliyə qarşı törətdikləri vəhşiliklər barədə danışıb.
Bildirilib ki, erməni millətçilərinin havadarlarının köməyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda həyata keçirdikləri qətliam bəşəriyyətə qarşı törədilmiş ən dəhşətli cinayətdir. Bu faciədə 613 nəfərin, o cümlədən 106 qadının, 63 azyaşlı uşağın, 70 qocanın həyatına son qoyulub, 487 nəfər ağır yaralanıb, 1275 nəfər girov götürülüb, onlardan da 150 nəfərinin taleyi indiyədək məlum deyil. Bu soyqırımı nəticəsində şəhərin mülki əhalisi misli görünməmiş qəddarlıqla qətlə yetirilib, 8 ailə isə tamamilə məhv edilib.
Soyqırımının acı nəticələrinin dünya ictimaiyyətinə çatdırılmasında, Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri xüsusi vurğulanıb.
Qeyd olunub ki, hazırda Şəki rayonunun ərazisində Xocalıdan olan 98 məcburi köçkün ailəsi məskunlaşıb. Onlar dövlətimiz tərəfindən daim diqqət və qayğı ilə əhatə olunublar. Məcburi köçkünlər əmindirlər ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız düşməndən azad ediləcək və onlar öz doğma yurdlarına qayıdacaqlar.
Tədbirdə mədəniyyət işçilərinin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Həmin gün şəhər icra hakimiyyəti tərəfindən rayonda məskunlaşmış Xocalıdan olan məcburi köçkün ailələrinə yardım paylanılıb.