Şəkili sənətkar: “ABAD”ın dəstəyi sayəsində hazırladığım milli suvenirlərin satışı xeyli çoxalıb VİDEO






Şəki, 28 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
“ABAD”ın dəstəklədiyi şəkili sənətkar Mahir Vələdov 35 ildən artıqdır ki, milli musiqi alətləri hazırlamaqla məşğul olur. Şəkinin el sənətkarlarının zəngin ənənələrini davam etdirən Mahir usta, həm də gözəl tar ifaçısıdır. Bu sənətə maraq ona atası Bədəl kişidən keçib. O, hələ uşaq yaşlarında musiqi məktəbində təhsil alarkən sərbəst şəkildə özünün ilk tarını düzəldib. Sənətin sirlərinə dərindən yiyələnən Mahir bir müddət sonra kamança, saz, qaval, həmçinin nəfəsli musiqi alətlərindən zurna, tütək, balaban hazırlamağa başlayıb.
AZƏRTAC xəbər verir ki, bir neçə ildir ağac üzərində oyma sənəti ilə də məşğul olan Mahir Vələdova övladları kömək edirlər. Sənətkarın ağacdan hazırladığı suvenirlər, kiçik ölçülü milli musiqi alətlərindən ibarət kompozisiyalar Şəkiyə gələn yerli və xarici turistlər tərəfindən böyük maraqla qarşılanır və onlar həvəslə bu əl işlərini alırlar.
Hazırladıqları milli suvenirlərin Bakı və digər şəhərlərdə də satışını təşkil etmək məqsədilə Mahir Vələdov “Ailə Biznesinə ASAN Dəstək” layihəsinə - “ABAD”a qoşulmaq qərarına gəlib. Sənətkarın müraciəti qurum tərəfindən müsbət qarşılanıb. O, artıq yarım ildən çoxdur ki, “ABAD”la əməkdaşlıq edir. Bu gün Mahir Vələdovun əl işləri “ABAD”ın Bakı şəhərində fəaliyyət göstərən sənətkarlıq mərkəzlərində sərgi-satışa çıxarılıb.
Sənətkar AZƏRTAC-a müsahibəsində deyib: “ABAD”a qoşulduqdan sonra sifarişlərimiz xeyli artıb, bəzən çatdıra bilmirik. Əsasən, milli musiqi alətlərimizdən olan tar, kamança, qaval, saz, tütək, nağara, həmçinin gitara və digər suvenirlər hazırlayırıq. “ABAD”ın vasitəçiliyi ilə indiyədək Bakı şəhərinə yüzlərlə əl işi göndərmişik. Bu işlərin qiyməti 3 manatdan 18 manatadəkdir. “ABAD” bizə müxtəlif ideyalar da verir. Məsələn, onların sifarişi ilə hazırladığımız “Neft buruqları” suvenirləri 18 manata satılır”.
Mahir Vələdov bildirib ki, “ABAD”a qoşulmaq onların ailə büdcələrinin formalaşmasına da müsbət təsir göstərib. İndiyədək Bakı şəhərində satışa çıxarılan əl işlərindən 1500 manatadək gəlir əldə ediblər.