SƏMƏD VURĞUNUN 100 İLLİK YUBİLEYİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Səməd Vurğunun yaradıcılığı XX əsr Azərbaycan ədəbiyyatı tarixinin ən parlaq və təkrarsız səhifələrindən birini təşkil edir. Müasir Azərbaycan dilinin və ədəbiyyatının zənginləşməsində böyük rol oynamış sənətkarın bədii irsi mədəniyyətimizin inkişafında bütövlükdə yeni mərhələ olmuşdur. Azərbaycan Elmlər Akademiyasının ilk akademiklərindən biri olan Səməd Vurğunun görkəmli ictimai-siyasi xadim kimi xidmətləri də təqdirəlayiqdir.
Azərbaycanın xalq şairi Səməd Vurğunun 100 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Yazıçılar Birliyi ilə birlikdə Səməd Vurğunun 100 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 6 fevral 2006-cı il.