Səmərqənddə Dünya Turizm Təşkilatı İcraiyyə Şurasının 99-cu iclasının rəsmi açılışı olub
Forumun açılışında Özbəkistan Prezidenti İslam Kərimov, DTT-nin baş katibi Taleb Rifai, təşkilatın üzvü olan ölkələrin nümayəndə heyətləri, bir sıra beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti, ölkəmizin Özbəkistandakı səfiri Hüseyn Quliyev də açılış mərasiminin iştirakçıları arasında olublar.
İslam Kərimov iclas iştirakçılarını salamlayaraq qədim Səmərqəndin tarixindən danışıb. Onun sözlərinə görə, hələ 100 illər bundan əvvəl bu şəhərdə elm, təhsil, mədəniyyət inkişaf edib. Böyük İpək Yolunun üzərində olan Səmərqəndin dünya ölkələri ilə ticarət əlaqələri bu şəhərin daha da çiçəklənməsinə şərait yaradıb.
Özbəkistanda turizmin inkişafından danışan dövlət başçısı qeyd edib ki, ölkədə yeddi mindən artıq qədim tarixi abidə var. Onun sözlərinə görə, turistləri Özbəkistana cəlb edən onun tarixi və qədim tarixi abidələridir.
Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai bildirib ki, 1994-cü ildə BMT-nin və UNESCO-nun himayəsi altında Səmərqənddə “İpək Yolu” adlı Beynəlxalq seminar keçirilib və o tədbirdə Səmərqənd Bəyannaməsi qəbul edilib. Hazırkı iclas bu Bəyannamənin qəbul edilməsinin 20 illiyinə həsr olunub. T.Rifai Özbəkistanda turizmin inkişafına dövlətin dəstəyi haqqında da danışıb.
İclas öz işini davam etdirir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Səmərqənd