Şəmkirdə toy mərasiminin keçirilməsinin qarşısı alınıb
Bakı, 23 aprel, AZƏRTAC
Şəmkir Rayon Polis Şöbəsinə rayonun Təzəkənd kəndində toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşlarının gördüyü müvafiq tədbirlərlə mərasimin keçirilməsinin qarşısı alınıb, iştirakçılar barəsində qanunvericiliyə uyğun tədbir görülüb.
Sanitar-epidemioloji normaları pozan şəxslərlə profilaktik söhbətlər aparılaraq onlara xüsusi karantin rejiminin qaydaları izah olunub. Altı nəfər şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək, onlar 200 manat miqdarında cərimələnib. Mərasimi təşkil edən 2 nəfər barəsində isə İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.