Səmt qazının səmərəli istifadəsi diqqət mərkəzində saxlanılır
Bakı, 29 yanvar (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya İdarəsində “ARDNŞ-də və ARDNŞ-in iştirak etdiyi layihələrdə atmosferə atılan səmt qazının azaldılması üzrə Plan”ın icrası ilə bağlı monitorinqin nəticələrini əks etdirən hesabat hazırlanmışdır.
AZƏRTAC xəbər verir ki, ARDNŞ 2008-ci ildən Azərbaycanın qoşulduğu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası ilə bağlı fəaliyyətini genişləndirməkdədir. Bu fəaliyyətin ardıcıl, məqsədyönlü və davamlı aparılması üçün Qlobal Qaz Yandırılmalarının Azaldılması üzrə Tərəfdaşlıq (GGFR) təşkilatı ilə əməkdaşlıq çərçivəsində, atmosferə atılan səmt qazının azaldılması planı hazırlanmışdır.
Plana daxil olan tədbirlərin icrası nəticəsində bir sıra Neft qaz çıxarma idarələrində (NQÇİ) səmt qazının atmosferə atılması əsaslı şəkildə azaldılmışdır.
Ekologiya İdarəsi tərəfindən aparılan monitorinqlər ARDNŞ-in təkcə “Neft Daşları” NQÇİ-də və 28 May NQÇİ-nin Günəşli yatağında həyata keçirdiyi layihələrdən səmt qazının azaldılmasına səbəb olmuşdur. Bundan əlavə quru yataqlarında da kiçik həcmli layihələr həyata keçirilmişdir. Planın digər tədbirləri içərisində “Şirvan Oyl”, “Salyan OYL” da aparılmış tədbirləri də qeyd etmək lazımdır.
Qeyd edək ki, səmt qazının yığılması və səmərəli istifadəsinə görə 2012-ci ildə ARDNŞ-in “Günəşli” yatağı və “Neft Daşları” yatağında həyata keçirdiyi layihələr “GGFR” təşkilatının ən uğurlu layihəsi hesab edilmiş və xüsusi sertifikat verilmişdir.