Sənayedə qeyri-dövlət sektorunun payı 79,3 faiz olub
Bakı, 14 noyabr, AZƏRTAC
2025-ci ilin yanvar-oktyabr aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 52,6 milyard manatlıq və ya 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz az sənaye məhsulu istehsal edilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, məhsul istehsalı neft-qaz sektorunda 2,2 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 4,9 faiz artıb.
Sənaye məhsulunun 60,8 faizi mədənçıxarma, 32,8 faizi emal, 5,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub. Sənayedə qeyri-dövlət sektorunun payı 79,3 faiz olub.
Ümumi istehsalın 88,5 faizi sənaye məhsullarının istehsalı, 11,5 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb. İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara
göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 noyabr 2025-ci il vəziyyətinə 841,1 milyon manatlıq hazır məhsul olub.
Ehtiyatların 52,6 faizi Bakı, 12,1 faizi Sumqayıt, 4,9 faizi Gəncə, 0,5 faizi Şirvan şəhərlərinin, 1,5 faizi Naxçıvan Muxtar Respublikasının, qalan hissəsi isə digər şəhər və rayonların sənaye müəssisələrinin anbarlarında qalıb. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 106 milyon manat məbləğində digər məhsullar da mövcud olub.