DÜNYA
Serbiya KİV-ləri qonşularla müqayisədə bu ölkədə pandemiya ilə bağlı vəziyyətdən razıdırlar
Bakı, 14 sentyabr, AZƏRTAC
Avropanın digər ölkələri ilə, xüsusən də qonşularla müqayisədə Serbiyada vəziyyət və ölkənin pandemiyaya qarşı mübarizədə əldə etdiyi uğurlar heç də pis deyil.
AZƏRTAC xəbər verir ki, Serbiyanın əsas KİV-lərində aparılan monitorinqin nəticələri belə qənaətə gəlməyə əsas verir. Yerli mətbuat yazır ki, ölkə sağalanların statistikasında da müsbət istiqamətə doğru xeyli fərqlənir.
“Worldometers” portalının yazdığına görə, Serbiyada koronavirusdan sağalanların sayı 96,5 faiz təşkil edir. Bu, qonşularla müqayisədə xeyli yüksək göstəricidir.
Jurnalistlər Serbiyanın uğurlarını vaxtında aparılan testləşdirmə, xəstəxanalarda çarpayı-yerlərin əvvəlcədən hazırlanması və əhalinin intizamlılığı ilə əlaqələndirirlər. Həmçinin pandemiyanın lap başlanğıcında hökumət tərəfindən dövriyyəyə buraxılan əhalinin informasiya təminatı proqramının da bu uğurlarda böyük rolu olub.
Regionda həmin göstəricilər üzrə Serbiyanın ardınca ikinci yerdə Şimali Makedoniya gəlir.