“SƏRHƏD” HƏRBİ-İDMAN OYUNLARININ QALİBLƏRİ MÜKAFATLANDIRILMIŞDIR
AZƏRTAC xəbər verir ki, iyunun 9-da Dövlət Sərhəd Xidmətinin (DSX) Heydər Əliyev Elmi Araşdırmalar Mərkəzində “Sərhəd” hərbi-idman oyunlarının yekunlarına həsr edilmiş mərasim keçirilmişdir. Tədbirdə DSX rəisinin müavini, general-mayor Fərhad Tağızadə, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov və təhsil nazirinin müavini Elmar Qasımov çıxış edərək yarışın ümumu nəticələrini yüksək qiymətləndirmişlər. Məktəbli gənclərin qələbə qazanmaq əzmi, hərbi intizama alışmağa göstərdikləri cəhd, sərhədçi peşəsinin incəlikləri ilə maraqlanmaq istəkləri olduqca sevindiricidir.
Bildirilmişdir ki, artıq ənənə halını almış bu oyunlar DSX rəisinin, təhsil, gənclər və idman nazirlərinin birgə qərarı əsasında keçirilir və gənc nəslin Vətənə, onun sərhədlərinə hörmət ruhunda tərbiyə olunmasında böyük rol oynayır.
İyirmi yeddi sərhədyanı rayonun 135 məktəbinin 675 şagirdinin iştirak etdiyi bu hərbi-idman oyunu üç mərhələdən ibarət olmuşdur. Final turu iyunun 2-dən 9-dək Lənkəran sərhəd dəstəsinin “Astara” sərhəd-nəzarəti məntəqəsinin bazasında keçirilmişdir.
Natiqlər demişlər ki, final mərhələsində iştirakçılar “Sıra hazırlığı”, “Sərhəd naryadı tərəfindən nəqliyyat vasitələrinə baxışın təşkili”, “Avtomatın sökülməsi və yığılması”, “Tüfəngdən hədəfə atəş açmaq” və digər mərhələlərdə öz məharətlərini nümayiş etdirmişlər.
Oyun zamanı toplanmış ümumi balların nəticələrinə görə Lənkəran rayonunun 9 nömrəli orta məktəbinin “Xəzər” komandası birinci, Füzuli rayonunun Horadiz qəsəbəsinin 1 nömrəli orta məktəbinin “Ərgünəş” komandası ikinci, İmişli rayonunun Qızılkənd orta məktəbinin eyni adlı komandası isə üçüncü yeri tutmuşlar.
Qalib komandalara kubok, fəxri fərman və qiymətli hədiyyələr təqdim edilmişdir.
######
