“ŞƏRQ-QƏRB” FESTİVALI
“Getto” filminin rejissoru Audrius Yuzenasdır. Onun “Qətlə yetirilmişlər” filmi 1992-ci ildə “Debüt-92” Beynəlxalq Moskva festivalında ən yaxşı tammetrajlı film sayılmışdır. Rejissorun sənədli filmləri Almaniya (1997) və Barselona (2000) beynəlxalq festivallarında yüksək mükafatlara layiq görülmüşlər.
A.Yuzenas AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirmişdir ki, onun təzə filmi sənədli materiallar və Coşua Sobolun 1980-ci illərdə yazdığı, Vilnüs yəhudilərinə həsr olunmuş pyesi əsasında çəkilmişdir. Film 1942-1943-cü illərdə nasist işğalı zamanı Vilnüsdə yəhudi gettosunda baş vermiş real hadisələrə əsaslanır. Bu, nasist zabiti, caz musiqiçisi Kittel ilə yəhudi müğənnisi Xaya arasında faciəli sevgi və nifrət hisslərinə həsr olunmuş filmdir. Onların münasibətləri nəticəsində Gettoda teatr yaradılır, lakin Vilnüsün yəhudi əhalisinin böyük əksəriyyətinin məhv edildiyi yerdə, ümumiyyətlə, teatrın mövcudluğu ideyası Gettonun sakinlərini hiddətləndirir.
A.Yuzenas demişdir: “Festivalda ilk dəfə iştirak edirəm. Təəssüratlarım çox yaxşıdır. Burada həyat qaynayır və insanlar daha yaxşı nailiyyətlərə can atırlar”. Kino ilə bağlı problemlərə gəldikdə isə, Yuzenas hesab edir ki, onlar hər yerdə olduğu kimi puldan asılıdır. Bu mənada Azərbaycanın bəxti gətirmişdir. Çünki onun nefti var və deməli, imkanları böyükdür.
Yuzenasın sözlərinə görə, Rüstəm İbrahimbəyovun bütün ssenarilərini oxumuşdur, lakin bizim filmlərimizə az baxmışdır. O deyir: “Festivalda mənim vəzifəm Azərbaycan kinosu haqqında daha çox öyrənmək və bunları Litvada danışmaqdan ibarətdir. Çünki Baltikyanı ölkələrdə Azərbaycana maraq böyükdür. Festival Qərblə Şərqi birləşdirmək ideyasını daşıyır. Bu devizin çox böyük əhəmiyyəti var”.
Litva Mədəniyyət Nazirliyinin dəstəyi ilə çəkilmiş filmin ssenari müəllifi Coşua Sobol, operatoru Yuri Qriqoroviçdir. Baş rollarda Heyno Ferx, Sebastyan Halk, Erika Maroj çəkilmişlər.
X X X
Elə həmin gün kinofestival çərçivəsində “Azərbaycan” kinoteatrında İran rejissoru Cəfər Pənahinin “Offsayt” (“Oyundankənar”) filmi nümayiş etdirilmişdir. Filmin ssenari müəllifi və prodüseri Pənahidir. Öz ölkəsində və xaricdə yaxşı tanınan Pənahi 39 beynəlxalq festivalın laureatıdır. Onun hər bir filmi 3-4 mükafata layiq görülmüşdür. “Offsayt” filmi Berlin, Durban, Avstraliya, Rumıniya beynəlxalq kinofestivallarının ən yüksək mükafatlarını almışdır.