Şərur rayon mərkəzində Mədəniyyət Sarayı və yeni yaşayış binası inşa olunur
Şərur, 3 oktyabr, AZƏRTAC
Muxtar respublikanın Şərur rayon mərkəzində Mədəniyyət Sarayı inşa olunur.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olacaq binanın birinci mərtəbəsində 311 oturacaq yerlik zal, qarderob, bufet, növbətçi, kassa, açıq zal və başqa otaqlar yerləşəcək. İkinci mərtəbə isə şöbə müdiri, qəbul otağı, məşq otağı, mühasibatlıq, rejissor məsləhətçisi, dəhliz və digər xidməti otaqlardan ibarət olacaq. Mədəniyyət Sarayının arxa bölümündə isə qrim və geyim otaqları, ikinci mərtəbədə direktor, geyim otağı, bədii rəhbər, metodist, yallı işçiləri yerləşəcək. Ümumilikdə, 130 kvadratmetr sahədə tikilən binada hazırda tamamlama işləri görülür.
Daha bir quruculuq ünvanı isə şəhərin mərkəzi küçələrinin birində yerləşən, zirzəmi ilə birlikdə 6 mərtəbəli yaşayış binasıdır. 40 mənzildən ibarət olan bina liftlə də təmin ediləcək. Hazırda tamamlama işləri aparılan binanın zirzəmisində qadın-kişi gözəllik salonları, ərzaq mağazası və elektrik avadanlıqlarının təmiri sexi, Gigiyena və Epidemiologiya Mərkəzi üçün otaq da ayrılacaq.