Şərurda 3700 hektar sahədə taxıl əkini nəzərdə tutulur VİDEO
Naxçıvan, 26 oktyabr, AZƏRTAC
Payızda torpağa səpilən hər toxum gələn ilin məhsuluna bəslənilən ümidin başlanğıcıdır. Şərur rayonunda fermerlər yeni əkin mövsümünə start verərək torpağı gələn ilə hazırlayırlar. Sahələrdə traktorlar işləyir, əkin və suvarma tədbirləri davam etdirilir. Torpaqla çalışan insanların zəhməti, təcrübəsi və bol məhsula inamı isə yeni mövsümün əsas mənzərəsini yaradır.
AZƏRTAC-ın bölgə müxbiri rayonda olub, təsərrüfatlarda payızlıq taxıl əkininin gedişi ilə maraqlanıb, fermerlərlə yeni mövsümə hazırlıq və qarşıya qoyulan hədəflər barədə söhbət edib.
Payız əkini mövsümü kənd təsərrüfatında növbəti ilin məhsulunun əsasını qoyan mühüm mərhələlərdən biridir. Bu dövrdə torpağın düzgün hazırlanması, keyfiyyətli toxumdan istifadə və aqrotexniki qaydalara əməl edilməsi gələcək məhsuldarlığa birbaşa təsir göstərir. Şərur rayonunda da fermerlər əkin sahələrini genişləndirmək, torpaqdan səmərəli istifadə etmək və taxıl istehsalını artırmaq məqsədilə işləri davam etdirirlər.
Şərur Regional Dövlət Aqrar İnkişaf Mərkəzinin sektor müdiri Əli Babayev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, rayonda taxıl əkini ardıcıl şəkildə davam etdirilir. 2026-cı ilin məhsulu üçün 2635 hektar sahədə taxıl əkilib. Hər hektardan orta hesabla 45 sentner məhsul götürülüb, ümumi istehsal isə 11 min 860 ton təşkil edib.
Hazırda 2027-ci ilin məhsulu üçün əkin işləri aparılır. Növbəti mövsümdə rayonda 3700 hektar sahədə taxıl əkilməsi proqnozlaşdırılır. İndiyədək 655 hektar sahədə əkin həyata keçirilib. Bunun 193 hektarını arpa, 462 hektarını isə buğda sahələri təşkil edir.

Əkinlə yanaşı, sahələrin su təminatına da diqqət yetirilir. Sahələr rayonun əsas su mənbələrindən biri olan Arpaçay su anbarından ayrılan sağ və sol sahil kanalları, eləcə də çay yatağı və Araz çayı üzərində quraşdırılmış nasos stansiyaları vasitəsilə suvarılır.
Əli Babayevin verdiyi məlumata görə, indiyədək əkilmiş 655 hektar taxıl sahəsinin 481 hektarında suvarma işləri aparılıb. Sektor müdiri taxılçılığın strateji əhəmiyyətini vurğulayaraq, əkinlərin optimal müddətdə başa çatdırılmasını və aqrotexniki tədbirlərin vaxtında həyata keçirilməsini qarşıda duran əsas vəzifələrdən sayır.
Şərurda əkin mövsümünün gedişi görülən işlərlə yanaşı, illərdir torpaqla çalışan fermerlərin təcrübəsi və gələcək məhsula bəslədikləri ümidlərlə də səciyyələnir. Maxta kənd sakini, təsərrüfatçı Təvəkkül Cəfərov uzun illərdir arpa və buğda əkini ilə məşğuldur. Əvvəlki mövsümlərdə yaxşı məhsul əldə edən fermer bu il də zəhmətinin bəhrəsini görəcəyinə inanır.
“Uzun illərdir təsərrüfatla məşğulam, arpa, buğda əkirəm. Ötən il yüksək məhsul götürmüşəm. Bu il də əkin işlərini uğurla aparıram. Suyumuz boldur, elə bir çatışmazlığımız yoxdur. Allah bərəkət versin, əkinimiz yaxşı olsun”, – deyə Təvəkkül Cəfərov bildirir.
Onun sözlərinə görə, əvvəlki mövsümlərdə hər hektardan təxminən 4-5 ton taxıl əldə edib. Bu nəticələr fermerdə yeni əkin mövsümündə də yüksək məhsuldarlığa nail olmaq inamı artırır.
Dizə kənd sakini Tağı Bağırov da uzun illərdir kənd təsərrüfatı ilə məşğuldur. Təxminən 25-30 illik əkinçilik təcrübəsi olan təsərrüfatçı ötən il 95 hektar sahədə taxıl əkdiyini, bu il isə əkin sahəsini genişləndirməyi planlaşdırdığını deyir.
“Bu il keçən ildəkindən bir qədər artıq əkmək istəyirik. Məqsədimiz yaxşı məhsul götürmək, kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasına öz töhfəmizi verməkdir. Artıq 20-30 hektar sahədə əkin aparmışıq, qalan sahələrdə də işləri davam etdirəcəyik. Ümumilikdə, bu il 100 hektara yaxın sahədə taxıl əkməyi nəzərdə tuturuq”, – deyə təsərrüfatçı vurğulayır.

Tağı Bağırov qeyd edir ki, ötən il sahələrdən 200 tona yaxın taxıl əldə olunub. Fermer cari mövsümdə daha yüksək nəticə gözləyir. Yağıntılar nəticəsində torpaqda nəmlik ehtiyatının yaranması əkin işlərinə müsbət təsir göstərib. Bununla belə, gələcək məhsuldarlıq baxımından suvarmanın vaxtında və lazımi səviyyədə aparılması mühüm əhəmiyyət daşıyır.
Şərur rayonunda payız əkinlərinin davam etməsi taxılçılığın inkişafı üçün görülən işlərin ardıcıl xarakter daşıdığını göstərir. Fermerlərin əkin sahələrini genişləndirmək niyyəti də istehsalın artırılmasına marağın göstəricisidir. Bununla yanaşı, yüksək məhsuldarlıq yalnız əkin sahələrinin genişləndirilməsi ilə deyil, torpağın düzgün becərilməsi, aqrotexniki qaydalara əməl olunması və suvarmanın vaxtında aparılması ilə mümkündür.
Qarşıda duran əsas vəzifə nəzərdə tutulan 3700 hektar sahədə əkin işlərini optimal müddətdə başa çatdırmaq, bitkilərin su təminatını diqqətdə saxlamaq və gələn ilin məhsulu üçün əlverişli şərait yaratmaqdır. Şərurlu təsərrüfatçıların torpağa bağlılığı, illərin təcrübəsi və bol məhsula inamı isə bir həqiqəti önə çəkir: torpağa vaxtında səpilən toxum, çəkilən zəhmət və suya qənaətlə yanaşma gələcək bərəkətin təməlidir.
Müxbir- Nail Əsgərov