İQTİSADİYYAT
Səudiyyə Ərəbistanında keçirilən Ümumdünya Poçt İttifaqının Fövqəladə Konqresində ölkəmiz də təmsil olunur




Bakı, 4 oktyabr, AZƏRTAC
Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən Ümumdünya Poçt İttifaqının (ÜPİ) Fövqəladə Konqresində Azərbaycanı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) nümayəndə heyəti təmsil edir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Birləşmiş Millətlər Təşkilatının poçt sektoru üzrə ixtisaslaşmış təşkilatı olan ÜPİ hökumətlər, o cümlədən poçt sektorunda maraqlı digər bütün tərəflər arasında poçt əməkdaşlığının qurulmasında mühüm rol oynayır.
Konqres çərçivəsində poçt markalarının virtual formatda sərgisi təşkil olunub. Həmin sərgidə RİNN tərəfindən Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş poçt markaları nümayiş etdirilib.
Sərgidə nümayiş olunan markalar Ümummilli Lider Heydər Əliyevin həyat və irsini, Azərbaycan mədəniyyətini tərəqqiyə doğru aparan yolu ifadə edir. İştirakçılar görkəmli dövlət xadimi Heydər Əliyevin həyatının, siyasi fəaliyyətinin müxtəlif dönəmlərini əks etdirən rəqəmsal markalarla tanış olublar.
Sərgidə, həmçinin “Azərbaycan irsi” və “Azərbaycanın siyasi atributları” mövzusunda digər markalar da nümayiş olunub.
Konqresdə iştirak edən ÜPİ-yə üzv 192 ölkənin 4 mindən çox nümayəndəsi, həmçinin Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayev sözügedən sərgidə səfirliyin nümayəndələri ilə birlikdə iştirak edərək sərgi ilə tanış olub. Sərgidə nümayiş etdirilən markalar iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Tədbirdə hazırkı və gələcək dünya üçün poçt strategiyasının təhlili və ÜPİ-nin daha geniş poçt sektoruna (özəl sektor) açılması ilə bağlı təkliflər üzrə müzakirələr aparılacaq.
Konqres işini oktyabrın 5-dək davam etdirəcək.