Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyindən
AZƏRTAC-a bildirmişlər ki, Məkkədə həcc ziyarətində olan Azərbaycan zəvvarları fevralın 3-4-də ümummilli liderimiz, görkəmli dövlət xadimi Heydər Əliyevin əziz xatirəsini anma və ehsan mərasimində iştirak etmişlər. Mərasimi təşkil edən Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadə mərhumun ruhuna dua oxumuş, zəvvarlarla birgə anma namazı qılmışdır. Zəvvarlar qarşısında çıxış edən şeyxülislam həzrətləri demişdir: “Nə qədər ki, müstəqil Azərbaycan dövləti, Azərbaycan xalqı var, Heydər Əliyev ürəklərdə yaşayacaqdır. Heydər Əliyev kimi şəxsiyyətin dünyasını dəyişməsi biz müsəlmanlar üçün böyük itkidir. Ölkəmizdə din adamlarına qayğıkeş münasibət bəslədiyinə, xalqımızın mənəvi dəyərlərinin qorunub saxlanmasında xüsusi xidmətlərinə görə biz Heydər Əliyevə daim minnətdar olmuşuq və olacağıq. Allah ona rəhmət eləsin”.
Milli Məclisin Azərbaycan-Səudiyyə parlamentlərarası dostluq qrupunun rəhbəri Fəttah Heydərov Prezident Heydər Əliyevin ömür yolundan danışmış, onun digər siyasətçilərə nümunə olduğunu vurğulamışdır.
Azərbaycanın Səudiyyə Ərəbistanındakı fövqəladə və səlahiyyətli səfiri Elman Araslı Prezident Heydər Əliyevin 1994-cü ildə buraya səfər etdiyini, müqəddəs ziyarətdə olduğunu, ölkə rəhbərliyi ilə səmimi görüşlər keçirdiyini xatırlatmışdır. Bu səfərin ölkələrimiz arasında qardaşlıq münasibətlərinin və səmərəli əməkdaşlığın əsasını qoyduğunu vurğulayan səfir demişdir ki, Səudiyyə Ərəbistanının siyasi və ictimai dairələrinin nümayəndələri ümummilli liderimizin xatirəsini həmişə yüksək tuturlar.