SƏUDİYYƏ ƏRƏBİSTANININ MİLLİ BAYRAMI ŞƏRƏFİNƏ
Azərbaycanın və Səudiyyə Ərəbistanının dövlət himnləri səsləndi.
Səfir Əli Həsən Əhməd Cəffər qəbul iştirakçılarını salamlayaraq bildirdi ki, Səudiyyə Ərəbistanı Krallığı ötən dövr ərzində müasir, inkişaf etmiş, qüdrətli dövlətə çevrilmişdir.
O, Səudiyyə Ərəbistanının qardaş və dost ölkələrlə, o cümlədən Azərbaycanla əlaqələrə böyük əhəmiyyət verdiyini vurğulayaraq dedi ki, İki Müqəddəs Ocağın xadimi kral Abdullah bin Əbdüləzizin və Azərbaycan Prezidenti İlham Əliyevin səyləri sayəsində qarşılıqlı münasibətlərin inkişafında mühüm mərhələnin şahidiyik. Səudiyyə Ərəbistanı Krallığı əlaqələrin bundan sonra da möhkəmlənməsi xəttinə sadiqdir və islam təşkilatları, habelə beynəlxalq qurumlar çərçivəsində Azərbaycanla əməkdaşlığı daha da genişləndirəcəkdir.
Səfir qəbul iştirakçılarını üzümüzə gələn müqəddəs Ramazan ayı münasibətilə təbrik etdi.
Sonra çıxış edən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Azərbaycan Prezidenti İlham Əliyevin təbrikini yetirdi və dedi ki, Səudiyyə Ərəbistanı ölkəmizin dövlət müstəqilliyini birincilər sırasında tanımışdır. Ümummilli liderimiz Heydər Əliyev 1994-cü ilin iyulunda Səudiyyə Ərəbistanına rəsmi səfəri zamanı İki Müqəddəs Ocağın xadimi, Kral Fəhd bin Əbdüləziz Al Səud ilə görüşlər keçirmiş, bir sıra mühüm sənədlər imzalamışdır. Ölkələrimiz arasında əsası həmin səfər zamanı qoyulan dostluq və qardaşlıq münasibətləri hazırda uğurla davam etdirilir. Səudiyyə Ərəbistanı Azərbaycanı bütün beynəlxalq təşkilatlarda, o cümlədən İslam Konfransı Təşkilatında daim dəstəkləyir. Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci ilin martında Səudiyyə Ərəbistanına səfəri qarşılıqlı münasibətlərimizin daha da inkişafına təkan vermişdir.
Qəbulda Milli Məclisin deputatları, respublika ictimaiyyətinin nümayəndələri, xarici ölkələrin səfirləri, müxtəlif konfessiyaların, kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak edirdilər.