SƏUDİYYƏLİ MİLYARDERLƏR AİLƏSİ TARİXDƏ ƏN İRİ MESENAT YARDIMI GÖSTƏRMİŞDİR
AZƏRTAC-ın xarici informasiya agentliklərindən aldığı xəbərə görə, Londondakı Viktoriya və Albert Muzeyi mövcud olduğu 152 il ərzində dünyada ən iri özəl mesenat yardımı almışdır. Planetimizin ən zəngin ailələrindən biri sayılan səudiyyəli Əbdül Lətif Cəmil ailəsi “İslam incəsənəti salonu yaratdığına” görə, muzeyə 9,8 milyon dollar ianə vermişdir. Muzeyin yeni salonu indən belə Cəmillər ticarət imperiyasının əsasını qoymuş Əbdül Lətif əl-Əmidin adını daşıyacaqdır.
Qeyd edək ki, muzeydə islam incəsənətinin çox nadir nümunələri – Təbriz xalçaçılıq məktəbinə mənsub “Şeyx Səfi” xalisi (Təbriz, 1539), Misirdən gətirilmiş XI əsrə aid büllur piyalə, ərəblərin istila etdiyi orta əsrlər İspaniyasında fil sümüyündən hazırlanmış məmulatlar və s. saxlanılır.