“Sevgi mətbəxi” kitabı təqdim edilib
Bakı, 21 may, Zərəngiz Mansurova, AZƏRTAC
Mayın 21-də Bakı 1 nömrəli Tibb Kollecində Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) prezidenti Tahir Əmiraslanovun “Sevgi mətbəxi” (“Kuxnya lyubvi”) kitabının təqdimatı olub. Kitab Mədəniyyət Nazirliyinin dəstəyi ilə rus dilində çap edilib.
AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində çıxış edən Tahir Əmiraslanov nəşrdə qida fiziologiyasının dərin incəlikləri haqqında həm tibbi, həm də fəlsəfi yanaşmalarla ətraflı şərhlərin yer aldığını bildirib. Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsi olan milli kulinariyamızın bugünkü vəziyyətindən söhbət açan müəllif bədnam qonşularımızın hər vəchlə dəyərlərimizə sahib çıxmaq istədiklərini qeyd edib, onların yaydıqları məlumatların yalan olmasının sübuta yetirilməsində bir çox işlərin görüldüyünü diqqətə çatdırıb.
Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar Elm Xadimi Məhərrəm Qasımlı kitabda həyati vacib qida maddələrinin orqanizm üçün əhəmiyyəti, xörəklərin emal qaydalarından asılı olaraq onların orqanizmə faydası və zərəri barədə geniş məlumat verildiyini qeyd edib. Bildirib ki, nəşrdə, həmçinin energetik və bioloji fəal qida komponentlərinin orqanizmdə bioloji, biokimyəvi proseslərin normal gedişi, yaşamaq, inkişaf etmək, sağlamlıq üçün əhəmiyyəti göstərilib.
Tədbirdə kollecin direktoru, tibb elmləri doktoru, professor Nəriman Mövsümov, Əməkdar Müəllim İbrahim Əhmədov və başqaları kitabın əhəmiyyətindən, dərs vəsaiti kimi yüksək dəyərindən söz açıblar.
Sonda kollecin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya təqdim olunub.