Seysmoloji Xidmət Mərkəzində Dekas və Tadas sistemlərinin təqdimat mərasimi keçirilib
Bakı, 9 sentyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Monitorinq mərkəzində Türkiyə Respublikası Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) Zəlzələ Departamentinin mütəxəssisləri ilə birgə zəlzələ məlumatlarının emalında istifadə olunan Dekas (Zəlzələlərin parametrlərinin ölçülməsi və analiz sistemi) və Tadas (Türkiyə Akselerometrik Məlumat Bazası və Analiz Sistemi) sistemlərinin təqdimat mərasimi keçirilib.
Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, mərasimdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli, AFAD-ın Zəlzələ Departamentinin rəhbəri, professor Orhan Tatar, Ankara universitetinin professoru Bahadır Aktuğ və başqaları iştirak ediblər.
Q.Yetirmişli AFAD-ın Zəlzələ Departamenti və RSXM arasında əldə olunmuş Razılaşma Protokolu əsasında seysmik stansiyaların quraşdırılması, kadrların təcrübə mübadiləsi, baş verən zəlzələlərlə bağlı məlumatların mübadiləsinin aparılması istiqamətində görülən işlər və qarşıda duran vəzifələr, eləcə də birgə layihələrin həyata keçirilməsinə dair məsələlərdən danışıb.
Tədbirdə iştirak edən AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev Dekas, Tadas sistemlərinin effektivliyini yüksək qiymətləndirib.
Qeyd edək ki, əldə olunmuş razılaşmaya əsasən hər iki tərəfdən sərhəd bölgələrində yerləşən 10 seysmik stansiyanın məlumatlarının qarşılıqlı olaraq mübadiləsi həyata keçirilir.