Şirvanda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan iki nəfər saxlanılıb
Şirvan, 31 yanvar, Aydın Yavərzadə, AZƏRTAC
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən iki nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə F.Hüseynov saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı 2 qramdan artıq, yaşadığı evdən isə 520 qram marixuana aşkar edilərək götürülüb.
Bundan əlavə, şöbə əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat tədbiri zamanı A.Hüseynov da saxlanılıb. Həmin şəxsdən 3 qrama yaxın, yaşadığı evdən isə 200 qramdan artıq marixuana aşkarlanıb.
Faktlarla bağlı Şirvan ŞPŞ-də araşdırmalar davam etdirilir.