Şirvanda şəhid Amal Alışanlının xatirəsi anılıb
Şirvan, 9 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC
Vətən müharibəsi şəhidi Amal Seyfəddin oğlu Alışanlının anım günü münasibətilə tədbir keçirilib. Şəhid Amalın və digər şəhidlərin məzarı ziyarət olunub, üzərinə tər güllər düzülüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, anım mərasimində Şirvan Şəhər İcra Hakimiyyətinin, YAP Şirvan şəhər təşkilatının, Şirvan Bələdiyyəsinin rəsmiləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri, şəhidin döyüş yoldaşları iştirak ediblər.
Şəhid Amal Alışanlının abidəsi önündə çıxış edənlər onun ailəsinə səbir diləyib, Vətənimiz üçün ləyaqətli övlad böyütdüyünə görə valideynlərinə təşəkkür ediblər. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əldə olunan Qələbədə Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açılıb. Qüdrətli Ordumuz, qəhrəman oğullarımız sayəsində üçrəngli bayrağımızın respublikamızın digər guşələrində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətlə dalğalanmasından hər bir azərbaycanlının qürur duyduğu vurğulanıb.
Qeyd olunub ki, torpaqlarımızın azadlığı, ərazi bötüvlüyümüz uğrunda canından keçən şəhidlərimiz unudulmayacaq, xatirələri hər zaman uca tutulacaq.
Şəhidin atası Seyfəddin Alışanov və anası Reyhanə xanım övladları ilə qürur duyduqlarını bildiriblər. Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Amal Alışanlı “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “İgidliyə görə”, “Şücaətə görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.