Şirvanda şəhid Xəqani Məmmədovun xatirəsi yad edilib
Şirvan, 11 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC
Vətən müharibəsi şəhidi Xəqani Füzuli oğlu Məmmədovun anım günü keçirilib. Şəhid Xəqani və digər şəhidlərin məzarı ziyarət olunub, üzərinə tər güllər düzülüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, anım mərasimində Şirvan Şəhər İcra Hakimiyyətinin, YAP Şirvan şəhər təşkilatının, hüquq-mühafizə orqanlarının, Şirvan bələdiyyəsinin rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidin ailəsinə səbir diləyərək, belə vətənpərvər, mərd, şücaətli oğul böyütdükləri üçün valideynlərinə minnətdarlığını bildirib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qüdrətindən söz açılıb. Tarixi Qələbənin əldə olunmasında canından keçən qəhrəman oğullarımızın xatirəsinin əbədi yaşayacağı qeyd edilib.
Şəhid Xəqaninin timsalında şəhidlərin şərəfli döyüş yolunun gələcək nəsillərə nümunə olduğu, xalqımızın mərd, igid, vətənpərvər, qəhrəman oğulları ilə fəxr etdiyi vurğulanıb.
Digər çıxış edənlər tariximizə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsindən, şəhidlərimizin qəhrəmanlıq nümunələrindən söhbət açıblar. Həmçinin Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşlara və şəhid ailələrinə dövlət tərəfindən göstərilən böyük diqqət və qayğıdan danışılıb.
Sonra şəhidlərin ruhuna dualar oxunub.
Qeyd edək ki, Xəqani Məmmədov 2002-ci il martın 30-da Şirvan şəhərində dünyaya göz açıb. Vətən müharibəsi zamanı Suqovuşan və Ağdam istiqamətlərində gedən döyüşlərdə iştirak edib, 2020-ci il oktyabrın 10-da şəhidlik zirvəsinə ucalıb. “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.