Siyasi şərhçi: Azərbaycan-Serbiya əməkdaşlığında əsas dönüş enerji və texnologiya sahələrində formalaşır
Bakı, 16 fevral, AZƏRTAC
Azərbaycan-Serbiya əməkdaşlığında artıq keyfiyyətcə yeni mərhələyə keçidin aydın əlamətləri müşahidə olunur.
Bunu AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Elnur Ənvəroğlu deyib.
Onun sözlərinə görə, dövlət başçıları tərəfindən vurğulanan investisiya forumlarının təşkili, “EXPO 2027” çərçivəsində qarşılıqlı iştirak, Bakı-Belqrad arasında birbaşa hava əlaqəsinin açılması, kənd təsərrüfatı məhsullarının mübadiləsi və digər təşəbbüslər ikitərəfli münasibətlərin baza qatını möhkəmləndirir. Lakin əsas dönüş nöqtəsi məhz enerji və texnologiya sahələrində formalaşır.
Elnur Ənvəroğlu qeyd edib ki, SOCAR ilə Serbiya arasında genişlənən əməkdaşlıq, eləcə də qazla işləyən elektrik stansiyalarının tikintisi ilə bağlı razılaşmalar Azərbaycanın rolunu yalnız enerji ixracatçısı kimi deyil, eyni zamanda, enerji infrastrukturu yaradan və texnoloji tərəfdaş olan ölkə kimi ön plana çıxarır. Bu yanaşma münasibətləri klassik “alıcı–satıcı” modelindən kənara çıxararaq uzunmüddətli və struktur xarakterli əməkdaşlıq formatına yönəldir.
Siyasi şərhçi vurğulayıb ki, Serbiyanın Avropa enerji sisteminə inteqrasiya prosesi fonunda Azərbaycanın təcrübəsi, xüsusilə Cənub Qaz Dəhlizi çərçivəsində formalaşmış model, Avropada etibarlı, şaxələndirilmiş və siyasi riskləri minimuma endirən enerji tərəfdaşlığı nümunəsi kimi qəbul olunur. Onun sözlərinə görə, SOCAR-ın Serbiyada qazla işləyən elektrik stansiyalarının qurulmasında və qaz təminatında fəal iştirakı Azərbaycanın Balkan enerji arxitekturasında institusional mövqeyini əhəmiyyətli dərəcədə gücləndirə bilər.
Elnur Ənvəroğlu bildirib ki, bu əməkdaşlıq modeli Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu təkcə təchizatçı səviyyəsində deyil, regional enerji sabitliyinə töhfə verən tərəfdaş statusuna yaxınlaşdırır, eyni zamanda, ölkəmiz üçün Mərkəzi və Cənub-Şərqi Avropada yeni bazarlar və təsir imkanları açır. O əlavə edib ki, perspektivdə bu model interkonnektor layihələri və elektrik enerjisi ticarəti vasitəsilə daha geniş coğrafiyanı əhatə edə bilər.
Şərhçinin fikrincə, prosesin davamlı xarakter alması Azərbaycanın Avropadakı rolunu üç əsas istiqamətdə dərinləşdirə bilər. Birincisi, Azərbaycan enerji təhlükəsizliyinin təminatçısı kimi çıxış edərək yalnız qaz ixrac edən deyil, həm də infrastruktur və istehsal gücü formalaşdıran tərəfdaşa çevrilir. İkincisi, qazla işləyən elektrik stansiyalarının keçid mərhələsində körpü rolunu oynaması Azərbaycanın yaşıl və keçid enerjisi platformasında mövqeyini gücləndirir. Üçüncüsü isə enerji, məlumat mərkəzləri və süni intellekt elementlərini birləşdirən model vasitəsilə Azərbaycanın Avropada rəqəmsal transformasiya sahəsində rolunun artması üçün yeni imkanlar yaranır.
Elnur Ənvəroğlu bildirib ki, bütün bu amillər nəzərə alındıqda və birgə bəyanatlarda səsləndirilən təşəbbüslər real icra mexanizmləri ilə müşayiət olunarsa, Azərbaycan-Serbiya münasibətləri klassik iqtisadi əməkdaşlıq çərçivəsini aşaraq Avropanın enerji təhlükəsizliyi və rəqəmsal transformasiya xəritəsində strateji modelə çevrilə bilər.