SİYƏZƏN RAYONU 2005-Cİ İLİ UĞURLA BAŞA VURMUŞDUR
Müşavirə iştirakçıları Xocalı faciəsi qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Mövsüm Bədirxanov hesabat məruzəsi ilə çıxış edərək bildirmişdir ki, əvvəllər olduğu kimi, ötən il də rayon rəhbərliyinin fəaliyyəti iqtisadi islahatların uğurla həyata keçirilməsinə yönəldilmiş, əhalinin maddi vəziyyətinin yaxşılaşdırılması sahəsində məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Rayon icra qurumlarının fəaliyyəti ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” və “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər) təsdiq edilməsi haqqında” fərmanlarından irəli gələn vəzifələrin yerinə yetirilməsinə yönəldilmişdir. Bununla əlaqədar sahibkarlığın inkişafına, iqtisadi potensialın gücləndirilməsinə, əhalinin məşğulluğunun təmin edilməsinə, kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına, müasir emal sənayesinin yaradılmasına xüsusi diqqət yetirilmişdir. Bütün bunlar 2005-ci ilin yekunlarına müsbət təsir göstərmişdir.
Dövlət Proqramı qəbul olunduğu gündən Siyəzən rayonunda 1157 iş yeri açılmışdır. Təkcə “Siyəzən-broyler” ASC-nin 5-ci zonasının istifadəyə verilməsi ilə 200-dən çox iş yeri yaradılmışdır. Son iki il ərzində rayonda “AB-Siyəzən-Kərpic” zavodu istifadəyə verilmiş, Mərkəzi neftçilər xəstəxanasının filialı və xəstəxananın heyəti üçün beşmərtəbəli yaşayış binası, dəyirman, Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində iki məktəb, habelə bir neçə kənd poçtu, inzibati binalar, bank filialları və sair tikilmişdir.
Məruzədə bildirilmişdir ki, ötən il kənd təsərrüfatı məhsullarının istehsalı xeyli artmış, 109,9 milyard manatlıq məhsul istehsal olunmuşdur. Bu, 2004-cü ildəkindən 12,5 faiz çoxdur. 6841 ton buğda, 294 ton kartof, 609 ton tərəvəz, 259 ton bostan məhsulu istehsal edilmişdir. Ötən il 2004-cü ilə nisbətən iki dəfə artıq meyvə və üzüm yığılmışdır.
Hazırda Siyəzən rayonunda 51 fermer təsərrüfatı fəaliyyət göstərir, 2116 ailə torpaq mülkiyyətçisidir ki, bu da sahənin dinamik inkişafına imkan yaratmışdır. Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 9 iş adamı 1 milyard 65 milyon manatdan artıq kredit almışdır. Kənd təsərrüfatı məhsullarının rayon iqtisadiyyatında xüsusi çəkisi 56 faizdən çoxdur.
“Siyəzənneft” NQÇİ-nin kollektivi 2005-ci ildə 42 min 195 ton neft və 18 milyon 292 min kubmetr qaz hasil etmiş, 5 quyu əvəzinə 6 quyu istismara vermişdir.
Rayon əhalisi qaz və elektrik enerjisi ilə fasiləsiz təchiz edilir. Lakin abonent haqlarının yığılmasında kəsirlər müşahidə olunur. Bu məsələyə ciddi münasibət bəslənməsinin və abonent haqlarının toplanması üçün bütün səylərin səfərbər edilməsinin vacibliyi diqqətə çatdırılmışdır.
Hesabat dövründə “Azərsu” SC tərəfindən kanalizasiya xətlərinin bərpası və tikintisinə dair işlər həyata keçirilmişdir. 1200 metr magistral kanalizasiya xətti bərpa edilmiş, şəhərin mərkəzində 1,3 kilometr kanalizasiya xətti çəkilmişdir. Təhsil, səhiyyə, rabitə, mədəniyyət, məişət xidməti, ictimai iaşə, ticarət və digər sahələrdə də məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Rayonun abadlaşdırılmasına və inkişafına da xüsusi diqqət yetirilmiş, inşaat işləri genişləndirilmişdir.
İqtisadi inkişaf naziri Heydər Babayev müşavirədə çıxış etmişdir.
Müşavirə iştirakçıları Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul etmişlər.