SİYASƏT
“SkyNews Arabia” telekanalının saytı AZƏRTAC-ın xüsusi müxbirinin Ermənistanın təxribatları barədə şərhini yayıb
Qahirə, 17 sentyabr, AZƏRTAC
Nüfuzlu “SkyNews Arabia” telekanalının Misir bürosunun Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribatlar haqqında reportajı yayımlanıb. Telekanalın saytında AZƏRTAC-ın ərəb ölkələri və Şimali Afrika üzrə xüsusi müxbiri Oqtay Bayramovun bu hadisələrlə bağlı şərhi yer alıb.
“SkyNews Arabia” telekanalının müxbirinin sualını cavablandıran O.Bayramov qeyd edib ki, Azərbaycan İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra regionda yaranmış yeni reallıq fonunda Ermənistanla sülh müqaviləsini imzalamağa və Cənubi Qafqazın iqtisadi tərəqqisi, xalqların rifahı naminə nəqliyyat dəhlizlərini, kommunikasiyaları açmağa çalışır. Bu yaxınlarda Avropa İttifaqı Şurasının Prezidenti Şarli Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilən üçtərəfli görüşdə də rəsmi Yerevan bu məsələlərə dair şərtləri qəbul edib. Lakin sentyabrın 12-də gecə saatlarında başlayan Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə törətdiyi təxribatlar sülh prosesinə ciddi zərbə vurub. Bunun əsas səbəbi isə Azərbaycandan fərqli olaraq, Ermənistanda monolit cəmiyyətin olmaması, revanşist qüvvələrin Paşinyan hakimiyyətinə təzyiqidir. Sərhəddə baş verən döyüşlər Azərbaycan Ordusunun zəruri cavab tədbirləri idi və Prezident İlham Əliyevin vurğuladığı kimi, baş verən toqquşmaların bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür. Sülhün yekun həllinə nail olmaq üçün qonşu ölkələr və nüfuzlu dövlətlər Ermənistanın danışıqlar masası arxasında konstruktiv mövqe nümayiş etdirməsi və gələcəkdə təxribatlardan əl çəkməsini təmin etməlidir.