SOCAR-ın ekologiya idarəsinin kompleks tədqiqatlar laboratoriyasında aparılan təhlillərin akkreditasiyası genişləndirilib
Bakı, 12 iyun, AZƏRTAC
Türk Akkreditasiya Qurumu bu ilin iyununda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) ekologiya idarəsinin kompleks tədqiqatlar laboratoriyasına torpaq, müxtəlif sularda (lay, qrunt, içməli, dəniz və sənaye sularında) metalların təhlili və spektrometrik analizlər üzrə yeni İSO/İEC 17025:2012 akkreditasiya sertifikatı verib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, laboratoriya 2012-ci ildə Türk Akkreditasiya Qurumu tərəfindən İSO/İEC 17025:2010 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər” standartına uyğunlaşdırılıb və içməli su, dəniz suyu, lay suyu, torpaq nümunələrində metalların analizi üzrə akkreditasiya sertifikatı alıb. Standartın tələblərinə uyğun olaraq hər il akkreditasiya olunan laboratoriyalarda təkrar audit yoxlamaları keçirilir.
Ötən il noyabrın 25-26-da Türk Akkreditasiya Qurumunun əməkdaşları tərəfindən laboratoriyada İSO/İEC 17025 sertifikatının digər analiz sahələrinə tətbiqi istiqamətində görülən işlərin auditi aparılıb. Laboratoriyada təhlil prosesinin aparılması qaydalarının ardıcıllığı - nümunə hazırlığı, nümunələrin analizi, xətaların hesablanması və validasiya prosedurunun yerinə yetirilməsi prosesləri izlənilib və təhlil prosesi üzrə sənədləşmələrin standartın tələblərinə uyğunluğu yoxlanılıb. Audit zamanı laboratoriyada aparılan təhlillərin beynəlxalq standartların tələblərinə tam şəkildə cavab verdiyi vurğulanıb.
Nəticədə bu ilin iyununda Türk Akkreditasiya Qurumunun nümayəndələri tərəfindən kompleks tədqiqatlar laboratoriyasında torpaq, müxtəlif sularda (lay, qrunt, içməli, dəniz və sənaye sularında) metalların təhlili və spektrometrik analizlər üzrə yeni İSO/İEC 17025:2012 akkreditasiya sertifikatı verilib. Akkreditasiyanın laboratoriyada aparılan digər təhlil sahələrinə genişləndirilməsi prosesi davam etdiriləcək.