Soltan Məmmədov: Azərbaycan siyasətini düşünülmüş və bütün parametrləri dəqiq hesablanmış strategiya əsasında qurur
Bakı, 29 sentyabr, AZƏRTAC
Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbə dövlət rəhbərliyi tərəfindən həyata keçirilən ciddi hərbi, siyasi və iqtisadi hazırlığın, xalqımızın əzminin, Ordumuzun qəhrəmanlığının məntiqi nəticəsidir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib.
Deputat qeyd edib ki, Azərbaycan Prezidentinin xalqa müraciətində vurğuladığı kimi, beynəlxalq ictimaiyyət ölkəmizin uğurlarını və qələbəsini etiraf edir. İndiki mərhələdə regionda davamlı sülhün və sabitliyin bərqərar edilməsi üçün əlverişli imkanlar yaranıb.
Soltan Məmmədov bildirib ki, Azərbaycan Cənubi Qafqazın aparıcı ölkəsi olaraq bölgədə sabitliyin təmin olunmasında maraqlıdır: “Ermənistanla sülh sazişinin imzalanması, kommunikasiyaların açılması, iqtisadi sahədə əməkdaşlıq, sərhədlərin delimitasiya və demarkasiya məsələlərinin həlli ilə bağlı çağırışların əsas hədəfində məhz daha sabit, təhlükəsiz Cənubi Qafqaz ideyası dayanır. Mövcud reallıqları təhlil edən bütün ekspertlər də vurğulayırlar ki, bizim regionda yenidən münaqişə və toqquşmaların baş verməsində marağımız yoxdur. Ermənistanda olan revanşist çıxışlar isə heç bir reallığa əsaslanmır, yalnız emosiyaları qızışdırmağa, düşmənçilik meyillərini alovlandırmağa xidmət edir. Bu baxımdan, sülh sazişinin imzalanmasının uzanması, bu məsələ ilə bağlı qeyri-müəyyənliyin davam etməsi ağır hərbi məğlubiyyətə uğramış, ciddi iqtisadi və siyasi problemlərlə üzləşən Ermənistanın özünün ziyanınadır”.
Milli Məclisin deputatı bildirib ki, Azərbaycan qısa müddət ərzində işğaldan azad olunmuş ərazilərdə böyük quruculuq işləri həyata keçirib və bu proses sürətlə davam edir. Məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışı ölkənin iqtisadi inkişafı üçün yeni imkanların meydana çıxmasına şərait yaradacaq: “Proseslərin inkişaf dinamikası göstərir ki, Azərbaycan dövləti öz siyasətini həm beynəlxalq münasibətlər sahəsində, həm də regionda yaranmış yeni təhlükəsizlik formatı ilə bağlı düşünülmüş, bütün parametrləri dəqiq hesablanmış strategiya əsasında qurur. Bu gün ayrı-ayrı ölkələrin iqtisadi, geosiyasi və demoqrafik amilləri süni şəkildə dəyişdirməsi sadəcə mümkün deyil. Ermənistandan əhalinin kütləvi miqrasiyası, iqtisadi və sosial problemlər, müharibədəki məğlubiyyətin ağır psixoloji, hərbi-siyasi nəticələrini nəzərə aldıqda bu ölkənin gələcəyi ilə bağlı nikbin düşünmək üçün əsas tapmaq mümkün deyil. Ona görə də, dövlətimizin başçısının da vurğuladığı kimi, bu gün sülh sazişinin imzalanmasına dair mesajlar, əslində, Ermənistan üçün bir şansdır”.
Deputat Vətən müharibəsinin nəinki Azərbaycan xalqının, eləcə də bütün regionun tarixində böyük dəyişikliklər üçün fürsət yaradan mühüm hadisə olduğunu vurğulayıb. Qeyd edib ki, Azərbaycan ordusu 30 illik işğala son qoymaqla yanaşı, uzun bir dövr ərzində regionda sülhə, təhlükəsizliyə təhdid yaradan erməni faşizmini də məhv etməyə nail olub.