Son doqquz ayda İstanbulda 90 cinayətkar qruplaşma zərərsizləşdirilib
İstanbul, 6 mart, Günel Karatepe, AZƏRTAC
Ötən il iyunun 1-dən bu il martın 4-dək İstanbulda cinayətkar təşkilatlara qarşı 112 əməliyyat keçirilib. Əməliyyatların gedişində 1253 nəfər saxlanılıb, onlardan 735-i həbs edilib, 367-si isə məhkəmə nəzarətinə götürülüb. Həmin müddət ərzində İstanbulda 90, Türkiyə üzrə isə 384 mütəşəkkil cinayət qruplaşma zərərsizləşdirilib. Onların İstanbulda 27 milyard 181 milyon lirə, Türkiyə üzrə isə 90 milyard lirə vəsaiti müsadirə edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı Türkiyənin daxili işlər naziri Ali Yerlikaya açıqlayıb.
Türkiyədə terror təşkilatlarına qarşı da genişmiqyaslı əməliyyatların aparıldığını deyən nazir bildirib ki, son doqquz ayda ölkədə 125 terror aktının qarşısı alınıb. İstanbulda PKK terror təşkilatına qarşı 278, FETÖ-yə qarşı 151 İŞİD-ə qarşı 101 əməliyyat aparılıb, çox sayda terrorçu yaxalanıb.
Miqrasiya məsələlərinə toxunan Ali Yerlikaya deyib ki, hazırda İstanbulda 1 milyon 92 min 697 əcnəbi var. Onlardan 530 min 532-si müvəqqəti qoruma altında olan suriyalılar, 558 min 768 nəfəri yaşayış icazəsi olanlar, 3 min 397-si isə beynəlxalq mühafizə altında olan əcnəbilərdir.
Qeyd edilib ki, ötən il iyunun 1-dən bu il fevralın 29-dək İstanbulda ümumilikdə 76 min 396 qeyri-qanuni miqrant saxlanılıb, 26 min 519 suriyalı Vətəninə könüllü geri dönüb, yaşayış müddəti bitən 255 min 92 əcnəbi öz istəyi ilə İstanbulu tərk edib.