Sosioloq: Yeni nəsil daha çox rəqəmsal mühitin təsiri altındadır
Bakı, 10 iyul, AZƏRTAC
Sosial şəbəkələrdən uşaq və yeniyetmələr də əhalinin digər qrupları kimi bir sıra istiqamətlərdə faydalı məqsədlər üçün istifadə edə bilirlər. Onlar sosial şəbəkələr vasitəsilə təhsil imkanlarını genişləndirir, dil bacarıqlarını inkişaf etdirir, biliklərini artırır və müxtəlif kreativ qabiliyyətlər formalaşdırırlar. Bununla yanaşı, sosial şəbəkələrin mənfi təsirləri də mövcuddur və bu təsirlərdən ən çox əziyyət çəkən məhz uşaqlar və yeniyetmələrdir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında sosioloq Üzeyir Şəfiyev deyib.
Onun sözlərinə görə, sosial şəbəkələr vasitəsilə müxtəlif zorakılıq xarakterli, hüquqa və əxlaqa zidd paylaşımlar yayımlanır ki, bu da uşaqların sosiallaşmasına mənfi təsir göstərir: "Biz bəzən məktəblərdə uşaqlar və yeniyetmələr arasında baş verən neqativ halların şahidi oluruq. Həmin hadisələri təhlil etdikdə görürük ki, Azərbaycan cəmiyyətinin sosial xüsusiyyətlərinə uyğun olmayan davranış modellərinin əhəmiyyətli hissəsi xarici ölkələrdən, xüsusilə də Qərb ölkələrinin sosial şəbəkə məkanından təsirlənərək uşaqlar və yeniyetmələr arasında yayılır. Hər bir dövlət milli qanunvericiliyini bu çağırışlara uyğun olaraq təkmilləşdirir. Bir sıra ölkələrdə sosial şəbəkələrin fəaliyyətini tənzimləyən ayrıca qanunlar da mövcuddur. Azərbaycanda da bu istiqamətdə artıq uzun müddətdir həm qanunvericilik, həm də maarifləndirmə müstəvisində ardıcıl tədbirlər həyata keçirilir”.
Sosioloq xatırladıb ki, Prezident İlham Əliyevin 2018-ci ildə imzaladığı "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Qanun uşaqların zərərli informasiyadan müdafiəsi istiqamətində mühüm hüquqi baza formalaşdırıb. Dövlət başçısının 2026-cı il 27 fevral tarixində rəqəmsal mühitdə uşaq və yeniyetmələrin zərərli informasiya və məzmundan qorunması ilə bağlı imzaladığı Sərəncam isə bu istiqamətdə xüsusi əhəmiyyət kəsb edir. Həmin Sərəncamda bir sıra mühüm məsələlər öz əksini tapıb. O cümlədən məktəbəqədər təhsil müəssisələrində və məktəblərdə sosial şəbəkələrdən, smart qurğulardan, internet resurslarından və süni intellekt texnologiyalarından təhlükəsiz istifadə qaydalarının öyrədilməsi, bu mövzuların kurikulum və tədris proqramlarına daxil edilməsi nəzərdə tutulur. Məqsəd uşaqların, yeniyetmələrin və pedaqoqların bu sahədə bilik və bacarıqlarının artırılmasıdır. Həmin Sərəncamla Nazirlər Kabinetinə üç ay müddətində sosial şəbəkələrdən istifadə zamanı yaş məhdudiyyətinin tətbiqi mexanizmlərinin hazırlanaraq dövlət başçısına təqdim edilməsi də tapşırılıb. Sənəddə qabaqcıl ölkələrin təcrübəsindən istifadə olunmasının vacibliyi ayrıca vurğulanıb.

Ü.Şəfiyev hesab edir ki, Milli Məclisdə sosial şəbəkələrdən istifadə ilə bağlı yaş məhdudiyyətinin müəyyənləşdirilməsi və 16 yaş həddinin tətbiqi təqdirəlayiq addımdır.
“Bu prosesdə ailələrin dəstəyi xüsusi əhəmiyyət daşıyır. Valideynlər yumşaq nəzarət mexanizmlərindən istifadə etməklə övladlarının hansı platformalarda olduqlarını, hansı məzmunla qarşılaşdıqlarını və hansı kontentdən istifadə etdiklərini bilməlidirlər. Təhsil müəssisələrinin də bu istiqamətdə məsuliyyəti artırılmalıdır. Məktəbəqədər müəssisələr və məktəblər rəqəmsal təhlükəsizlik və media savadlılığı istiqamətində daha fəal iş aparmalıdır.
Bu, çoxşaxəli və kompleks yanaşma tələb edən məsələdir. Korporativ sosial məsuliyyət prinsipləri əsasında ailə, məktəb, dövlət qurumları, media və vətəndaş cəmiyyəti birlikdə fəaliyyət göstərməlidir. Yalnız bu halda sosial şəbəkələri uşaqlar üçün daha təhlükəsiz və sağlam mühitə çevirmək mümkün olacaq", – deyə sosioloq vurğulayıb.
Ü.Şəfiyev bildirib ki, bu gün sosial şəbəkələr ailə və məktəbdən sonra, bəzən isə onlardan da güclü sosiallaşma institutuna çevrilib. Xüsusilə yeni nəsil formalaşma dövründə daha çox rəqəmsal mühitin təsiri altındadır. Buna görə də sosial şəbəkələrin sağlam informasiya mühitinə çevrilməsi mühüm vəzifələrdən biridir.
Müxbir - Səbinə Əlizadə