Soydaşlarımız Gürcüstanda uşu-sanda çempionatında uğur qazanıblar
Tbilisi, 16 aprel, AZƏRTAC
Bu gün Tbilisidə uşu-sanda üzrə IX Gürcüstan çempionatı keçirilib. Çempionatın ilk günü soydaşlarımız üçün uğurlu olub.
AZƏRTAC xəbər verir ki, bu ölkədə yaşayan soydaşlarımız çempionatda ilk dəfə geniş tərkibdə iştirak ediblər.
Gürcüstanın İdman və Gənclər Nazirliyi, Gürcüstan Uşu-sanda Federasiyası və Çinin bu ölkədəki səfirliyinin birgə təşkil etdiyi çempionatda ölkənin bütün bölgələrindən, o cümlədən Kvemo-Kartli bölgəsinin Uşu-sanda Federasiyasının tərkibindəki “Marneuli” və “Qaraçöp” klublarının yetirmələri iştirak edirlər.
Kvemo Kartli bölgəsinin Uşu-sanda Federasiyasının prezidenti, dəfələrlə SSRİ, Avropa və ikiqat dünya çempionu, Azərbaycanın Əməkdar idman ustası, Əməkdar məşqçi Canpolat Budaqovun rəhbərliyi ilə çempionata 8 yaşdan yuxarı, 4 yaş kateqoriyasında və müxtəlif çəki dərəcələrində 32 azərbaycanlı uşaq, yeniyetmə və gənc qatılıb.
Çempionatın rəsmi açılışında çıxış edən Gürcüstan Uşu-sanda Federasiyasının prezidenti Qiorqi Musxalişvili azərbaycanlıların bu çempionatda iştirakını yüksək qiymətləndirib və idmançılarımıza uğurlar arzulayıb.
“Bu gün Azərbaycanda olduğu kimi Gürcüstanda da idman sürətlə inkişaf edir. Gürcüstanda yaşayan azərbaycanlılar idmanın bir çox növü üzrə təşkil olunan yarışlarda iştirak edir, uğur qazanırlar. Lakin bu gün Gürcüstan azərbaycanlıları ilk dəfədir ki, uşu-sanda üzrə IX Gürcüstan çempionatında iştirak edirlər. Onların ilk çempionatda qızıl medallar qazanması bizi həm sevindirir, həm də təəccübləndirir. Azərbaycanlıların uğur qazanması ona görə təəccüblüdür ki, onların böyük əksəriyyəti ilk dəfədir ki, uşu-sanda üzrə çempionatda iştirak edirlər və debüt yarışda qızıl medallar qazanmaq təəccüblüdür. Sevindiricidir ona görə ki, azərbaycanlılar Gürcüstanda uşu-sanda idmanının inkişafına öz töhfələrini verirlər. Biz birgə əməkdaşlıq edərək gənc idmançıların beynəlxalq idman yarışlarının çıxışını təmin edəcəyik”, - deyə, Q. Musxalişvili vurğulayıb.
Qeyd edək ki, soydaşlarımıza ilk qızıl medalı 8 yaşlı Qeyrət Cəlilov qazandırıb. 25 kiloqram çəki dərəcəsində çıxış edən soydaşımız rinqdə rəqiblərinə heç bir imkan verməyib və qızıl medal qazanıb. Ümumilikdə isə bu gün soydaşlarımız bir neçə medal qazanıblar. Çempionat aprelin 17-də başa çatacaq.
Gürcüstan kuboku gələcək beynəlxalq turnirlərə aparan yolun başlanğıcıdır. Yarışdan sonra məşqçilər üçün seminarlar və hazırlıq toplanışları keçiriləcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi