Soyqırımı qurbanlarının xatirəsi yad edilmişdir
Bakı, 28 mart (AZƏRTAC). Martın 28-də M.S.Ordubadinin ev-muzeyində 31 mart - Azərbaycanlıların soyqırımı gününə həsr edilmiş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, muzeyin direktoru Lalə Abaszadə ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı barədə məlumat vermiş, ermənilərin əsrlər boyu xalqımıza qarşı törətdikləri vəhşiliklərdən söhbət açmışdır.
Çıxış edənlər bildirmişlər ki, 1918-ci il martın 30-dan aprelin 2-dək “Daşnaksutyun” Erməni İnqilabı Federasiyasının silahlı birləşmələrinin və bolşeviklərin Bakıda, Şəkidə, Şamaxıda, Naxçıvanda, Qubada, ölkəmizin digər şəhər və rayonlarında törətdikləri qanlı hadisələrdə minlərlə insan qətlə yetirilmişdir.
Bildirilmişdir ki, erməni cəlladları ilk olaraq 1905-1907-ci illərdə azərbaycanlılara qarşı kütləvi qırğınlar törətmişlər. Bu qəsbkarların “böyük Ermənistan” yaratmaq xülyası zaman-zaman davam etmiş, onlar xəlvətdə və aşkarda, həmişə işğalçılıq siyasəti aparmış, azərbaycanlılara qarşı soyqırımı aktları həyata keçirmişlər.
Muzeyin elmi işçisi İradə Vəliyeva tarixi romanlar müəllifi M.S.Ordubadinin “Qanlı sənələr” romanının məhz 31 mart - Azərbaycanlıların soyqırımı gününə həsr edildiyini bildirmişdir.
Tədbirdə romandan parçalar oxunmuşdur.