SPECA İDARƏETMƏ ŞURASININ BİRİNCİ İCLASI KEÇİRİLMİŞDİR
İclasa Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev sədrlik edirdi.
H.Babayev çıxışında qurumun fəaliyyətini yüksək qiymətləndirmiş, ölkələr arasında inkişaf edən əməkdaşlıqdan söz açmışdır. O, SPECA üzvü olan ölkələrin bir-biri ilə nəinki enerji sahəsində, həmçinin ticarət əlaqələrinin genişlənməsinin təqdirəlayiq olduğunu vurğulamışdır.
İclasda BMT-nin Asiya və Sakit Okean üçün İqtisadi və Sosial Komissiyasının (UNESCAP) icraçı katibi, Qazaxıstan, Əfqanıstan, Qırğızıstan və Tacikistanın milli əlaqələndiriciləri çıxış etmiş, görülən işlər barədə məlumat vermişlər.
Bundan sonra SPECA-nın Əlaqələndirmə Komitəsinin birinci iclasının hesabatı nəzərdən keçirilmiş, Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev hesabat vermişdir. SPECA-nın 2005-2007-ci illər üçün iş planının həyata keçirilməsi haqqında hesabat da dinlənilmişdir. Təqdimatı UNESCAP-ın nümayəndəsi etmişdir.
İclasda iyunun 26-da keçirilmiş iqtisadi forumun nəticələri müzakirə olunmuş, SPECA regionu ölkələri arasında ticarət-iqtisadi əlaqələrin inkişafı üçün belə tədbirlərin məqsədəuyğunluğu vurğulanmış, idarəetmə şurasının II iclasının və növbəti iqtisadi forumun 2007-ci ildə keçirilməsi barədə qərar qəbul edilmişdir.
Müzakirə olunan məsələlər barədə müvafiq qərar qəbul olunmuşdur.
İslası UNESCAP-ın icraçı katibi Kim Hak Su və idarəetmə şurasının sədri Heydər Babayev yekunlaşdırmışlar.