SSRİ-NİN ÜÇÜNCÜ DÜNYA MÜHARİBƏSİ PLANI MƏXFİLİKDƏN ÇIXARILDI
“Reyndə yeddi gün” adlanan planda NATO-nun hücumuna cavab olaraq, Varşava Müqaviləsi Təşkilatı ölkələrinin nüvə zərbələri endirməsi nəzərdə tutulur. Xəritədə Şimali Atlantika İttifaqı bombardmançılarının Böyük Britaniyadakı bazalardan necə havaya qalxdığı və Qdanskdan tutmuş Çexoslovakiya sərhədinədək Visla çayı boyunca Polşa ərazilərinə nüvə zərbələri endirdiyi göstərilir. Sonrakı mərhələ NATO qüvvələrinin ADR-ə tank hücumundan ibarətdir. Bunun cavabında Sovet İttifaqı Danimarka sahillərindən başlamış Strasburqadək uzanan xətt boyunca nüvə zərbələri endirir. Danimarka, Belçika, Hollandiya və Qərbi Almaniya hədəfə alınır.
Sikorskinin sözlərinə görə, bu münaqişə zamanı Polşa məhv ediləcək, təxminən iki milyon nəfər əhali qırılacaqdı. O, Polşanı “soyuq müharibə”də Sovet İttifaqının zorən müttəfiqi adlandıraraq, əlavə etmişdir ki, Polşanın Varşava Müqaviləsinə qoşulması ölkəni ölüm təhlükəsi qarşısında qoymuşdu.
Məxfilikdən çıxarılmış materiallar arasında Varşava Müqaviləsi Təşkilatı ölkələrinin NATO ilə nüvə müharibəsi planından əlavə, 1968-ci ildə “Praqa baharı” üsyanını yatırmaq üçün sovet qoşunlarının Çexoslovakiyaya müdaxiləsinə dair sənədlər də var.
Varşava Müqaviləsi Təşkilatının arxivlərini məxfilikdən çıxarmaq haqqında qərar Polşa mühafizəkarlarının seçkilərdə qələbəsindən sonra qəbul edilmişdir. Sikorski demişdir ki, yeni hökumət “postkommunist dövrünü başa çatdırmaq” niyyətindədir.