ELM VƏ TƏHSİL
“Startap day” layihəsinin qalibləri məlum olub
Gəncə, 20 fevral, AZƏRTAC
Gəncə Dövlət Filarmoniyasında “Startap day” layihəsinin final mərhələsi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Startap day” layihəsi Azərbaycan Dövlət Aqrar Universitetinin tərəfdaşlığı, Asiya İnkişaf Bankının maliyyə dəstəyi, Azərbaycan Texnologiya Universiteti, Gəncə Dövlət Universiteti, “Kapital Bank”ın Gəncə filialı və Gənclər İnkişaf Naminə İctimai Birliyinin tərəfdaşlığı ilə reallaşıb.
Layihənin final mərhələsində çıxış edən Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov hazırda innovasiya və startapların universitetlərin ayrılmaz bir parçası olduğunu bildirib. Qeyd edib ki, bu məqsədlə Aqrar Universitetdə tədrisin, tələbələrin fəaliyyətinin təşkili və idarə edilməsinin innovasiyalı idarəetmə sisteminə inteqrasiyası istiqamətində iş aparılır. O, finalda çıxış edəcək komandalara uğurlar arzulayıb.
Asiya İnkişaf Bankının layihələr üzrə mütəxəssisi Səbinə Yusifova bu kimi layihələrin regionlarda innovasiya ekosisteminin yaranması və inkişafında önəmli rol oynadığını diqqətə çatdırıb.
Sonra Gəncə Gənclər Evinin direktoru Amil Qurbanov, KOBİA-nın Gəncə-Daşkəsən region koordinatoru Anar Əliyev və ADAU-nun İnnovasiyalar Mərkəzinin direktoru Elvin Ağayev layihə ilə bağlı fikirlərini bölüşüblər.
Sonda final mərhələsi üçün seçilən 11 fərqli ideyada yarışan startap komandaları təqdimatlarını ediblər. Təqdimatlar münsiflər heyəti tərəfindən qiymətləndirilib. Qiymətləndirmə nəticəsində "EwerGreen" startapı I, "Laser Eye" startapı II və "ITS" startapı isə III yerə layiq görülüb və qalib komandalar mükafatlarla təltif olunublar.