Stokholmda nümayişçilərlə polis arasında toqquşmalar baş verib
Stokholm, 4 iyun, AZƏRTAC
ABŞ-da Corc Floydun ölümü ilə bağlı Stokholmda keçirilən nümayiş polislə toqquşma ilə nəticələnib.
AZƏRTAC xəbər verir ki, Stokholmun mərkəzində “Black Lives Matter” (“Qara talelər əhəmiyyətlidir”) şüarı altında keçirilən mitinq mindən çox insanı toplayıb. Tədbirin təşkilatçılarına nümayişin çərşənbə günü axşam saat 18-dən 20-dək Serqelstorq meydanında, koronavirusa yoluxma təhlükəsi səbəbindən iştirakçıların 50 nəfərdən çox olmamaq şərtilə keçirilməsinə icazə verilmişdi.
Meydana toplaşan nümayişçilərin sayı koronavirusun yayılmasına qarşı mübarizə tədbirləri çərçivəsində toplanmasına icazə verilən insanların hökumət tərəfindən müəyyən edilən sayını əhəmiyyətli dərəcədə üstələmişdi. Bununla bağlı tədbirin təşkilatçıları iştirakçılara müraciət edərək, onlardan bu rayonu tərk etməyi xahiş ediblər. Sonra etirazçıların bir hissəsi Serqelstorq meydanı yaxınlığında yerləşən Kral sarayına tərəf üz tutmağa səy göstərib. Bunun cavabında İsveç polisi nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qaz balonlarından istifadə etmək qərarına gəlib, süvari polis isə etirazçıları sarayın pilləkənlərindən qovub.
Qeyd edək ki, nümayiş zamanı polislə qarşıdurmalar baş verib. Bununla yanaşı, əlinə keçən əşyanı asayiş keşikçisinə tuşlayan bir nəfər həbs edilib. “T-Centralen” metro stansiyasının yaxınlığında etirazçılar qrupu ilə polis arasında baş verən toqquşmadan sonra polislər gözyaşardıcı qaz balonlarından istifadə ediblər, iki nəfər həbs olunub.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm