STRASBURQDA XOCALI SOYQIRIMINA HƏSR OLUNMUŞ MƏRASİM KEÇİRİLMİŞDİR
Nümayəndəliyin rəhbəri Aqşin Mehdiyev 14 il əvvəl xalqımıza qarşı törədilmiş Xocalı soyqırımının XX əsrin ən dəhşətli hadisələrindən biri kimi tarixə düşdüyünü vurğulamışdır.
Ümumiyyətlə, bu il nümayəndəlik Xocalı soyqırımının ildönümünün qeyd olunması istiqamətində fəaliyyətini gücləndirmişdir. Belə ki, səfir A.Mehdiyev bütün üzv dövlətlərin nümayəndələrinin iştirak etdiyi Avropa Şurası Nümayəndələr Komitəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin müzakirəsində Xocalının dinc əhalisinin erməni silahlı qüvvələri tərəfindən xüsusi qəddarlıqla qətlə yetirildiyi faktını xüsusi qeyd etmişdir.
Bundan əlavə, Xarici İşlər Nazirliyinin “Diplomatiya aləmi” juranlının Xocalı soyqırımına həsr olunmuş xüsusi buraxılışını Avropa Şurasının və Avropa Parlamentinin rəhbərliyinə, eyni zamanda Avropanın aparıcı KİV orqanları olan “EuroNews”, “Frans-3”, “ARTE” televiziya kanallarına, qəzetlərə göndərilmiş, növbəti buraxılışlarda faciəni əks etdirən materialların verilməsini xahiş edilmişdir.
Strasburqda təhsil alan tələbələrimiz və burada yaşayan həmvətənlərimiz şəhərin mərkəzindəki Broqli meydanında yerli vaxtla saat 11-dən 14-dək davam edən aksiya keçirmişlər. Aksiyada ötən əsr tarixinin qara səhifəsi olan Xocalı faciəsi ilə bağlı Fransadakı Azərbaycanlı Tələbələr Assosiyasının hazırladığı xüsusi bülleten yayılmışdır. Bu bülleten, həmçinin Strasburqdakı diplomatik nümayəndəliklərə və Avropa Şurasının katibliyinə göndərilmişdir.
Fevralın 25-də isə tələbələrimizin təşkil etdiyi tədbirdə 14 il bundan əvvəl baş vermiş qanlı cinayətə beynəlxalq aləmdə hüquqi qiymət verilməsinin vacibliyi qeyd edilmişdir. Mərasimdə şəhər ictimaiyyətinin nümayəndələri, xarici qonaqlar və soydaşlarımız iştirak etmişlər.