SİYASƏT
Sudanın “Awalalnahar” qəzeti Azərbaycan XİN-in açıqlamasını yayıb
Qahirə, 17 sentyabr, AZƏRTAC
Sudanın geniş oxucu kütləsinə malik “Awalalnahar” qəzeti Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin Ermənistanın Xarici İşlər naziri Z.Mnatsakanyanın Misir Ərəb Respublikasına səfəri çərçivəsində səsləndirdiyi cəfəng fikirlərlə bağlı açıqlamasını yayıb.
AZƏRTAC xəbər verir ki, yazıda həmin fikirlərin yüz minlərlə müsəlman azərbaycanlını qanlı etnik təmizləməyə məruz qoyaraq evlərindən didərgin salan, Xocalıda bir gecədə 613 mülki şəxsi yalnız azərbaycanlı və müsəlman olduqları üçün qəddarlıqla qətlə yetirən, Azərbaycanın işğal olunmuş ərazilərində müsəlman irsini dağıdan, məscidləri talan edən bir ölkənin rəsmisinin riyakarlığının bariz nümunəsi olduğu sudanlı oxucuların diqqətinə çatdırılır. Bildirilir ki, dövlət siyasətinin ideoloji əsasını terrorçuluq təşkil edən Ermənistan 1980-ci illərin sonu 1990-cı illərin əvvəllərində Azərbaycana qarşı terror əməliyyatlarından geniş istifadə edib. Azərbaycan ərazisində sərnişin avtobuslarının, qatarların və Bakıda metro stansiyasının partlayışı ilə müşayiət olunan 30-dan çox terror aktı nəticəsində 2000-dən çox mülki şəxs həlak olub.
Sudan ictimaiyyətinə məlumat verilir ki, 1970-1980-ci illərdə ASALA və digər erməni terror təşkilatları dünyanın 22 ölkəsində 235-dən çox terror aktı törədib. Qardaş Türkiyənin 24 diplomatı erməni terrorçuluğunun qurbanı olub. Bütün bu sadalananlar fonunda təcavüzkar Ermənistanın Xarici İşlər nazirinin müsəlman ölkələri ilə dostluq və sıx əməkdaşlıqdan bəhs etməsi, regional və qlobal təhlükəsizlikdən danışması cəfəngiyyatdan başqa bir şey deyil.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə