SUMQAYIT CÜMƏ MƏSCİDİ ƏSASLI TƏMİRDƏN SONRA İSTİFADƏYƏ VERİLMİŞDİR
Müqəddəs Qurban bayramı günü şəhər Cümə məscidi əsaslı təmirdən sonra qapılarını dindarların üzünə açmışdır. Bu münasibətlə qurban kəsilmişdir.
İcra hakimiyyətinin başçısı Vaqif Əliyev AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, şəhərin altıncı mikrorayonu ilə Corat qəsəbəsi arasında yerləşən məscid 1990-cı ildə açılmış və köhnə tikililərdən ibarət olan məscid baxımsız halda idi. 1997-ci ildə tikintisinə başlanmış yeni bina isə yarımçıq qalmışdı.
Azərbaycan xalqının ümummilli lideri, Prezident Heydər Əliyevin 2003-cü il aprelin 3-də Sumqayıtda olarkən verdiyi göstərişləri yerinə yetirən yerli hakimiyyət orqanları burada bərpa işlərinə başladılar. Bu işi “Atlant İnşaat Ltd.” firması, habelə layihəni maliyyələşdirən Dövlət Gömrük Komitəsi öz üzərinə götürdü. Memarlıq və şəhərsalma idarəsi qısa müddət ərzində tikintinin mühəndis-texniki layihəsini və maketini hazırladı.
Beləliklə, iki ay ərzində Cümə məscidinin görkəmi tam dəyişmişdir. Əlavə binalar tikilmiş, içməli su fəvvarələri düzəldilmiş, ətrafda çəmənlik salınmış, oturacaqlar qoyulmuşdur. Binanın interyeri müasir mebel və zəruri ləvazimatla təchiz olunmuşdur. Bir sözlə, dindarlar üçün hər cür şərait yaradılmışdır. İndi 700 adam eyni vaxtda dini ayinləri icra edə, 50-dək gənc dindar isə burada yaradılmış mədrəsədə təhsil ala biləcəkdir.
Cümə məscidində bayram namazı qılan dindarlar ümummilli liderimiz, unudulmaz Heydər Əliyevin ruhuna dualar oxumuş, möminlərin ehtiyaclarına göstərdiyi diqqətə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.