SUMQAYIT DÖVLƏT UNİVERSİTETİNDƏ “HEYDƏR ƏLİYEV VƏ SUMQAYIT” MÖVZUSUNDA ELMİ-PRAKTİK KONFRANS KEÇİRİLMİŞDİR
Universitetin rektoru, professor Nadir Qəhrəmanov konfransı giriş sözü ilə açaraq, müstəqil Azərbaycan dövlətçiliyinin qurulmasında və inkişaf etdirilməsində dünya şöhrətli siyasi xadim Heydər Əliyevin müstəsna xidmətlərindən danışmışdır. Natiq xüsusi vurğulamışdır ki, Azərbaycan tarixinin son 35 ilə yaxın bir dövrü ərzində ölkəmizin içtimai-siyasi, iqtisadi, elmi və mədəni həyatının elə bir sahəsi yoxdur ki, orada xalqımızın müdrik oğlu Heydər Əliyevin möhtəşəm quruculuq amallarının yadigarları olmasın. Azərbaycana rəhbərlik etdiyi illərdə Sumqayıt şəhərinin inkişafı, onun sənaye potensialının yüksəlişi, elm, təhsil və mədəni həyatının tərəqqisi ümummilli liderimiz Heydər Əliyevin daim diqqət mərkəzində olmuşdur.
Konfransda “Heydər Əliyev və Sumqayıtda təhsilin inkişafı”, “Heydər Əliyev və Sumqayıtda energetika sənayesinin inkişafı”, “Heydər Əliyev və Sumqayıtda metallurgiya sənayesinin inkişafı”, “Heydər Əliyev və Sumqayıtda kimya sənayesinin inkişafı”, “Heydər Əliyev və Sumqayıtda sosial münasibətlərin inkişafı”, “Heydər Əliyev və çoxmillətli gənc sənaye şəhərində dil siyasəti” mövzularında məruzələr dinlənilmişdir. Məruzələr ətrafında çıxışlarda qeyd edilmişdir ki, Sumqayıtda sənayenin, elmin və təhsilin, sosial həyatın coşğun inkişafı məhz ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır.
Sumqayıt ümummilli liderimizin Azərbaycana rəhbərlik etdiyi illərdə sürətli inkişaf yolu keçərək ölkəmizin aparıcı sənaye mərkəzlərindən birinə çevrilmişdir. Burada keçmiş ittifaqda metallurgiya, kimya, energetika, tikinti materialları sənayesinin aparıcı müəssisələri yaradılmış, yeni mikrorayonlar, yaşayış məhəllələri salınmışdır.
Sumqayıtlılar 2003-cü il aprelin 3-də ulu öndərimizin Sumqayıta gəlişini, burada keçirilmiş geniş müşavirədə söylədiyi proqram xarakterli nitqini heç zaman unutmayacaqlar. Məhz bu görüşdən sonra Sumqayıtın həyatında inkişafın yeni mərhələsi başlanmışdır və bu iş indi uğurla davam etdirilir.