Sumqayıt teatrı 55 illik yubileyini ilk səhnə əsəri ilə qeyd edib
Sumqayıt, 15 mart, Ətrabə Rzayeva, AZƏRTAC
Bu il Sumqayıt Dövlət Dram Teatrının 55 illiyi qeyd olunur. Ötən illərdə teatrda Azərbaycan və dünya dramaturgiyasından 300-dən artıq müxtəlif səpgili əsər uğurla tamaşaya qoyulub.
AZƏRTAC xəbər verir ki, teatrın 55 illik bayramı münasibətilə Xalq artisti Firudin Məhərrəmovun quruluşunda M.F.Axundzadənin "Müsyö Jordan və dərviş Məstəli şah" tamaşası nümayiş olunub.
Yubiley tamaşasından öncə teatrın rəhbərliyi və qonaqlar çıxış edib, dövlətin mədəniyyət siyasətində teatrın prioritet istiqamət olduğu vurğulanıb. Həmçinin Sumqayıt Dövlət Dram Teatrının uğurları sadalanıb.
Tamaşadan sonra Əməkdar artistlər Vidadi Məmmədov, Fəranə Musayeva, aktyorlar Dağlar Rüstəmov və İlham Səfərliyə Sumqayıt Dövlət Dram Teatrının 55 illiyi münasibətilə Azərbaycan Teatr Xadimləri İttifaqının fəxri fərmanları təqdim olunub.
Qeyd edək ki, Sumqayıt Dövlət Dram Teatrının ilk tamaşası da elə "Müsyo Jordan və dərviş Məstəli şah" əsəri olub.