SUMQAYITDA UŞAQ VƏ GƏNCLƏRİN YARADICILIQ MƏRKƏZİ TƏMİRDƏN SONRA AÇILMIŞDIR
Sumqayıt, 12 yanvar (AZƏRTAC). Sumqayıtın 5-ci mikrorayonunda yerləşən uşaq və gənclərin Yaradıcılıq Mərkəzinin ikimərtəbəli binasında əsaslı təmir və yenidənqurma işləri başa çatdırılmışdır.
Bu münasibətlə keçirilən mərasimin iştirakçılarını Sumqayıt İcra hakimiyyətinin başçısı Vaqif Əliyev təbrik edərək demişdir ki, mərkəzin yarıməsrlik zəngin tarixi vardır. Son 37 ildə bu məktəbdənkənar tərbiyə müəssisəsi köhnə binada yerləşirdi. Ötən il 60 illiyini qeyd etmiş Sumqayıtın hər bir sakini üçün əlamətdar olmuşdur. Yubiley tədbirləri ilə yanaşı, “Uşaq İli” çərçivəsində bu Yaradıcılıq Mərkəzində də təmir və yenidənqurma işlərinə başlanmışdır.
V.Əliyev ümummilli lider Heydər Əliyevin uşaqların hüquqlarının müdafiəsində, böyüməkdə olan nəslin dünyagörüşünün formalaşmasında rolundan danışmışdır. Dövlətimizin başçısı İlham Əliyev dahi liderin əsasını qoyduğu ənənələri davam etdirərək sağlamlığın mühafizəsi, təhsilin səviyyəsinin artırılması, uşaqların və yeniyetmələrin yaradıcılıq bacarığının inkişaf etdirilməsi məsələlərinə xüsusi diqqət yetirir. Bu məsələ ilə əlaqədar Milli Məclisdə 15 beynəlxalq konvensiya ratifikasiya edilmiş, 30 dövlət proqramı qəbul olunmuşdur.
2003-cü ildən başlayaraq Sumqayıtda məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində əsaslı islahatlar həyata keçirilir. Məktəblərin hamısı təmir edilmiş, müasir mebel və informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunmuş, mini-qazanxanalar tikilmişdir. Məktəbdənkənar müəssisələrdə - uşaq şahmat məktəbində, uşaq-gənclər idman məktəbində, habelə uşaq xəstəxanasında təmir işləri başa çatdırılır.
Qırmızı lent kəsiləndən sonra tədbir iştirakçıları mərkəzə baxmışlar. Ən müasir avadanlıqla təchiz edilmiş izostudiya, rəqs və xor zalı, 20-dən çox dərnəyin fəaliyyət göstərəcəyi otaqlar, gənc rəssamların işlərinin saxlanacağı arxiv, səsyazma studiyası, kompyuter salonu, bərbərxana, yeməkxana və s. göz oxşayırdı. Valideynlər və uşaqlar böyüməkdə olan nəslin asudə vaxtının təşkilinə göstərilən qayğıya görə ölkə rəhbərliyinə təşəkkürlərini bildirmişlər.
Mərkəzin konsert salonunda gənc artistlər maraqlı proqramla çıxış etmişlər. İcra hakimiyyətinin başçısı Vaqif Əliyev konsertdən əvvəl “Göyərçin” uşaq jurnalının baş redaktoru, sumqayıtlı şair və alim Rafiq Yusifoğlunu 60 illik yubilyeyi münasibətilə təbrik etmişdir. O, şəxsiyyətin tərbiyə edilməsinə və formalaşmasına böyük töhfə verən jurnalın rəhbərinin fəaliyyətini yüksək qiymətləndirmişdir.
Sumqayıt uşaq və gənclərin Yaradıcılıq Mərkəzində 2 mindən çox uşaq və məktəbli müxtəlif vərdişlərə yiyələnir. 80-dən çox müəllim və usta dərnək və studiyalarda məşğələlər aparır.
######
![]() |
![]() |

