SURAXANI DİNAMİK İNKİŞAF YOLUNDADIR
Tədbir iştirakçıları, əvvəlcə, mədəniyyət sarayının geniş foyesində təşkil edilmiş sərgiyə baxmışlar. Sənaye və emal müəssisələrinin nümayiş etdirilən müxtəlif çeşidli məhsulları, rayonun dinamik inkişafını əks etdirən statistik məlumatlar yığıncaq iştirakçılarında böyük maraq doğurmuşdur.
Yığıncaqda Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Sonra Suraxanı rayon icra hakimiyyətinin başçısı İlqar Abbasovun hesabat məruzəsi dinlənilmiş, müzakirələr aparılmışdır. Bildirilmişdir ki, ölkəmizin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı prezident fərmanlarından və qəbul olunmuş Proqramdan irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində Suraxanı rayonunda ardıcıl işlər görülmüş və nəzərdə tutulan işlər bu gün də uğurla davam etdirilir.
2005-ci il ərzində rayonun sənaye müəssisələrində, ümumiyyətlə, 460,7 milyard manatlıq (köhnə pulla) məhsul istehsal edilmiş, işçilərin orta aylıq əmək haqqı 450,0 min manata çatdırılmışdır. İnvestisiyaların həcmi 152,2 milyard manat təşkil etmiş, o cümlədən tikinti quraşdırma işlərinə 46,2 milyard manat sərmayə yönəldilmişdir. Yeni yaradılmış və fəaliyyət göstərən müəssisələrdə 1092 iş yeri açılmışdır. Rayon məşğulluq mərkəzinə müraciət etmiş 765 nəfərdən 592-si işlə təmin olunmuş, 50 nəfərə işsiz statusu verilmiş, 56 nəfərə işsizlik müavinəti təyin edilmiş, 12 nəfər isə peşə kurslarına göndərilmişdir.
Rayon ərazisində 45 mənzilli və 60 mənzilli iki beşmərtəbəli yaşayış binası tikilib istifadəyə verilmişdir. 10 ünvanda “Abad məhəllələr” yaradılmışdır.
Rayonun məktəblərinə Azərbaycan və Dünya ədəbiyyatının nümunələrindən 408 adda 35908 nüsxə kitab hədiyyə olunmuşdur. Rayon təhsil şöbəsinin tabeliyində olan məktəblərə 324 kompyuter verilmiş, Uşaq evində, 7 saylı yardımçı internat məktəbində, uşaq bağçalarında, 17 təlim-tədris müəssisəsində müxtəlif mənbələr hesabına əsaslı təmir işləri görülmüş bu müəssisələr üçün 459,9 milyon manatlıq bərk inventar və 283,2 milyon manatlıq yumşaq inventar, təsərrüfat malları alınmışdır.
Rayondakı poliklinikalarda, uşaq xəstəxanasında müxtəlif mənbələr hesabına əsaslı təmir işləri aparılmış, 173,2 milyon manatlıq bərk inventar və tibbi avadanlıq alınıb, səhiyyə müəssisələrinə paylanmışdır.
Rayon ərazisində, mütəmadi olaraq iməciliklər keçirilmiş, 9500-dən artıq ağac əkilmişdir.
Azərbaycan Respublikası Prezidentinin “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamına əsasən, rayon ərazisində məskunlaşmış qaçqınların və məcburi köçkünlərin mənzil–məişət, sosial problemlərinin həlli istiqamətində və yaşadıqları binaların təmiri ilə əlaqədar müəyyən işlər görülmüşdür. 100-dən artıq məcburi köçkün ailəsinə telefon çəkilməsində kömək göstərilmişdir.
Əhalinin içməli su, elektrik enerjisi, mavi yanacaqla təminatında da mühüm işlər görülmüşdür. Su boruları dəyişdirilmiş, bəzi yerlərdə isə daha iri diametrli borularla əvəzlənmiş, rayon ərazisində 3 artezian quyusu qazılmış, 3 nasos quraşdırılmış, nasosxana tikilmiş və 159 mm diametrli boru ilə mövcud içməli su xəttinə birləşdirilmişdir. Yeni transformatorlar quraşdırılmış, qaz və elektrik xətləri dəyişdirilmiş, yeni xətlər çəkilmişdir.
Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin tabeliyindəki Sosial-Məişət Xidməti bölməsi tərəfindən 300 nəfər tənha ahıl vətəndaşa sosial-məişət xidməti göstərilmiş, il ərzində 8373 aztəminatlı ailəyə 1833,0 milyon manat məbləğində müavinət ödənilmişdir.
Görülən işlərlə yanaşı, bir sıra problemlərdən də danışılmışdır. Bildirilmişdir ki, rayonda görüləcək işlərin ümumi təsnifatı hazırlanmış, onlardan ən vacibləri rayonun 2006-cı il üzrə sosial-iqtisadi inkişafı proqramına daxil edilmişdir.
Bu işlər içərisində qəsəbələrin yaşayış evlərinə yaxın həyətyanı sahələrdən keçən ortatəzyiqli qaz xətlərinin kənara çıxarılması, mövcud qaz kəmərlərinin təmiri, Böyük Şor QPS-dən Bülbülə qəsəbəsinə qədər orta təzyiqli kəmərin çəkilməsi, Hövsan qəsəbəsindəki 220/110/10 KV-luq, Zığ qəsəbəsindəki 110/35/6 KV-luq yardımçı stansiyaların əsaslı təmiri, elektrik enerjisi ilə təchizatın yaxşılaşdırılması üçün xətlərin, dirəklərin dəyişdirilməsi, yeni su anbarlarının tikilməsi, kanalizasiya xətlərinin çəkilməsi, Hövsan qəsəbəsinin keçmiş “Azərbalıq” və “Nord” EİB-nin yaşayış evlərinin əhatə etdiyi ərazinin kanalizasiya kollektorunun “Aerasiya” stansiyasına qoşulmasının təmin edilməsi, yeni EATS-nin tikintisi, mövcud EATS-nin tutumunun artırılması, yeni poçt, məktəb binalarının və əlavə tədris korpuslarının, 2 uşaq bağçasının, sağlamlıq mərkəzlərinin tikintisi xüsusi qeyd olunmuşdur.
Görüləcək işlər icra hakimiyyəti başçısı aparatının şöbələrində, struktur bölmələrində, idarə və təşkilatlarında proqram şəklində hazırlanmışdır. Prezident İlham Əliyevin fərman və sərəncamlarından irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün Suraxanı Rayon İcra Hakimiyyəti bütün imkanları bundan sonra da səfərbərliyə alaraq, qarşıda duran vəzifələrin həyata keçirilməsini təmin edəcəkdir.
Yığıncaqda müzakirə olunan məsələ ilə əlaqədar qərar qəbul olunmuşdur.
Yığıncaq iştirakçıları Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul etmişlər.
Prezidentin İcra Aparatının məsul işçisi Canpolad Musayev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yığıncaqda iştirak etmişlər.