Suraxanı ərazisindəki Bülbülə və Zığ gölləri təmizlənir
Bakı, 26 oktyabr, Ramiz Quliyev, AZƏRTAC
Bakının Suraxanı rayonunda ekoloji məsələlərin həlli istiqamətində Bülbülə və Zığ göllərinin təmizlənməsinə, bu ərazilərin abadlaşdırılmasına başlanılıb.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, bu tədbirlər müvafiq Dövlət Proqramı çərçivəsində həyata keçirilir.
Məlumata əsasən, rayonun əməliyyat şirkətləri tərəfindən lay suları və neftlə çirklənmiş 8,17 hektar torpaq sahəsi təmizlənərək texniki rekultivasiya olunub. Ümumi sahəsi 5,0 hektar olan müxtəlif ölçülü 24 gölməçə qurudulub, 30 quyunun işçi meydançası və quyuətrafı sahələri neft tullantılarından təmizlənib, neft kollektorları təmir olunub.
Bundan əlavə, Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçən ilin noyabr ayında başlayan birinci “Ümumrespublika Yaşıllaşdırma marafonu” çərçivəsində cari ildə də ağacəkmə kampaniyası davam etdirilib. Marafon çərçivəsində rayonun idarə və müəssisələrinin iştirakı ilə 11 ümumrayon iməciliyi keçirilərək 7,4 mindən artıq ağac əkilib.