ŞUŞALILAR HESABAT VERİRLƏR
Nərimanov Rayon İcra Hakimiyyətinin akt zalında keçirilmiş hesabat yığıncağının iştirakçıları əvvəlcə XX əsrin ən böyük faciəsi olan Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Rayon icra hakimiyyətinin başçısı Nizami Bəhmənovun hesabat məruzəsində ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin müəllifi olduğu yeni iqtisadi siyasət strategiyası sayəsində ötən il ölkəmizdə əldə edilmiş nailiyyətlərdən, vətəndaşların sosial rifahının yüksəldilməsinə, qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə, təhsil və səhiyyənin inkişafına dövlət qayğısından söz açılmış, demokratiyanın inkişafında yeni bir addım olmuş parlament seçkilərindən danışılmış, ölkəmizin Prezidentinin müstəqil xarici siyasət kursunun əsas prioriteti olan Dağlıq Qarabağ probleminin həlli istiqamətində görülmüş işlər xatırladılmışdır.
Natiq məlumat vermişdir ki, rayonun əhalisi respublikanın 58 şəhər və rayonunda 500-dən çox yaşayış məntəqəsində məskunlaşmışdır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2006-cı ilin yanvar ayının 1-nə Şuşa rayonunun əhalisinin sayı 26 min 200 nəfər olmuşdur. Rayon üzrə bir şəhər, 12 kənd ərazi icra nümayəndəliyi fəaliyyət göstərir. Bu nümayəndəliklər Bakı şəhərində və şuşalıların sıx məskunlaşdığı Ağcabədi, Bərdə, Mingəçevir, Qəbələ, Kürdəmir, Ağdam, Beyləqan rayonlarında fəaliyyət göstərirlər. Kənd əhalisinin bir hissəsi Ağcabədi rayonunda Mirzələr, Şpartı, Beyləqan rayonunda Haramı və Kürdəmir rayonunda 22-23 saylı qış yataqlarında məskunlaşmışlar. Onlar, əsasən, əkinçilik və maldarlıqla məşğul olurlar. Rayon üzrə 428 kəndli ailəsinin istifadəsində 7 min 428 hektar torpaq sahəsi vardır. Rayon icra hakimiyyəti başçısının sərəncamı ilə kənd əhalisinin hər birinə ən azı 2 hektar torpaq sahəsi verilmişdir ki, bu da orta respublika göstəricisindən xeyli yüksəkdir. Yaradılmış təsərrüfatlarda rayonun 1403 nəfər kənd əhalisi işlə təmin edilmişdir. 2005-ci ildə 3 yeni kəndli fermer təsərrüfatı yaradılmışdır. Kürdəmir rayonu ərazisindəki 23 saylı qış yatağında 1 kilometrlik daş yol çəkilmiş, 40-50 yerlik, Mirzələr qış yatağında 100 yerlik məktəb binaları tikilərək, yeni avadanlıqla təchiz olunmuşdur. Bundan əlavə, Azərbaycan Prezidenti İlham Əliyev rayon əhalisinə 1 ədəd taxılbiçən kombayn hədiyyə etmişdir.
Nizami Bəhmənov daha sonra qeyd etmişdir ki, hazırda rayonun 24 ümumtəhsil məktəbi fəaliyyət göstərir. Onlardan 16-sı Bakı şəhərində, 8-i isə respublikanın rayonlarında yerləşir. Bu məktəblərdə 2 min 811 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 543 müəllim məşğul olur. Hesabat dövründə ümumtəhsil məktəblərinin tədris-maddi bazasının yaxşılaşdırılması, yeni məktəb binalarının tikintisi, icbari orta təhsilin müvəffəqiyyətlə həyata keçirilməsi və s. məsələlər diqqət mərkəzində saxlanılmışdır. Belə ki, 13 nömrəli orta məktəbdə Daxili İşlər Nazirliyinin vəsaiti hesabına 4 otaqdan ibarət yardımçı bina tikilmiş, həmin otaqlar müasir avadanlıqla təchiz edilmişdir. Quşçular kənd 6 nömrəli orta məktəbində Heydər Əliyev Fondunun, 9 nömrəli orta məktəbdə isə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin vəsaiti hesabına əsaslı təmir işləri aparılmışdır.
Xatırladılmışdır ki, rayonda təhsilin inkişafındakı xidmətlərinə görə Şuşa şəhər 1 nömrəli orta məktəbin fizika-riyaziyyat müəllimi Aidə Əliyeva Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 sentyabr tarixli sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülmüş, 2 nömrəli orta məktəbin ibtidai sinif müəllimi Raifə Talıbova isə “Tərəqqi” medalı ilə təltif olunmuşlar. Təhsil nazirinin əmri ilə şəhər 12 nömrəli orta məktəbin fizika müəllimi Nazilə Əzizova “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” adını almışdır. Ötən il rayonun orta məktəblərini bitirmiş 242 məzundan 48 nəfəri müxtəlif ali məktəblərə, 21 nəfəri isə texnikumlara qəbul olunmuşlar.
Natiq gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi, əhalinin sağlamlığının qorunması sahəsində görülmüş işləri və s. də xatırlatmışdır.
Müzakirələrdə rayon prokuroru Zahid Vəliyev, təhsil şöbəsinin müdiri Tacir Əliyev, mədəniyyət şöbəsinin müdiri Zahid Abbasov, səhiyyə şöbəsinin müdiri Ramiq Məhərrəmov, maliyyə şöbəsinin müdiri Elman Əhmədov, gənclər və idman idarəsinin rəisi Əşrəf Hüseynov çıxış etmişlər. Natiqlər şuşalıların doğma yurda qayıdacaqlarına dərin inamlarını bir daha virğulamış, ölkəmizin Prezidentinin ətrafında sıx birləşəcəklərinə söz vermişlər.
Yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.
Yığıncaqda Prezidentin İcra Aparatı Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi müdirinin müavini Hüseyn Mövsümov iştirak etmişdir.