Sutkanın qaranlıq vaxtında piyadaların əlvan geyimi yolda təhlükənin qarşısını ala bilər
Bakı, 16 yanvar, AZƏRTAC
Respublika üzrə qeydə alınan yol-nəqliyyat hadisələri arasında piyada vurma hadisələrinin sayı çoxluq təşkil edir. Lakin həmin statistikanın formalaşmasında piyada məsuliyyətsizliyi az rol oynamır. Elə piyadalar olur ki, sürücülərin onları vaxtında və aydın görməsi üçün heç bir təşəbbüs göstərmir və təəssüf ki, son nəticədə ən çox zərər çəkən də onlar olur.
Baş Dövlət Yol Polisi İdarəsindən AZƏRTAC-a bildiriblər ki, piyadalara xüsusilə sutkanın qaranlıq vaxtı və məhdudiyyətli görünmə şəraitində uzaq məsafədən diqqət çəkən paltarlar geyinməyi, yaxud işıqqaytarıcı elementləri olan əşyalardan istifadə etmək tövsiyə edilir. Gecə vaxtı qara rəngli geyimlər seçilmir. Bununla yanaşı, göy rəng 17, qırmızı rəng 24, sarı rəng 37, ağ rəng 55, işıqqaytarıcı elementlər isə 130 metrdən diqqəti cəlb edir.
Saatda 60 kilometr sürətlə hərəkət edən avtomobilin əyləc yolunun quru asfaltda 20, yaş asfaltda 35, qar örtüyü olan yolda 70, buzlu yolda 140 metrə yaxın olduğunu nəzərə alsaq, sürücülərin diqqətini vaxtında cəlb etməyin əhəmiyyəti barədə bir daha düşünməyə dəyər.
Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edərək onlardan sutkanın qaranlıq vaxtı, eləcə də məhdudiyyətli görünmə şəraitində əlvan və ya işıqqaytarıcı elementləri olan geyim və əşyalardan istifadəyə üstünlük verməyi xahiş edir və hər kəsi bu sahədə ictimai iştirakçılığa töhfə verməyə çağırır.